Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Report”un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid İlkin Mehdiyev ifadə verib.
O, təqdirləndirilən Əziz Kərimzadəni iki dəfə gördüyünü bildirib. Şahid Əziz Kərimzadənin bacısı Yeganə Kərimzadəni tanıdığını deyib: "Bizim məktəbəqədər tədris mərkəzimiz var idi. Mərkəzə lisenziya almaq istəyirdik. Yeganə qardaşının tanışlarının olduğunu və bu işi həll edə biləcəyini dedi".
İlkin Mehdiyev məhkəməyə gələ bilməməsini son 6 ayın dördünü ağır xəstəlikdən əziyyət çəkdiyi üçün yataq şəraitində evdə olması ilə izah edib.
Onun sözlərinə görə, zərərçəkmişlərdən biri də İlahə Əliyevadır: "Şirkətimizin təsisçisi İlahə xanım idi. Mən də icraçı direktor vəzifəsində çalışırdım. Lisenziya almaq üçün mən 10 min manat pul vermişəm. 4500 manat da İlahə xanım verib. Bundan sonra Əzizi görməmişəm. Danışıqları İlahə xanım aparıb".
Əziz Kərimzadə isə pul almadığını söyləyib.
Məhkəmədə prokuror vəsatətlə çıxış edib. O, zərərçəkmişlər və şahidlərin əksəriyyəti dindirildiyini deyib. Prokuror buna görə də məhkəmə istintaqının yekunlaşdırılmasını istəyib. hakim vəsatəti baxılmamış saxlayıb.
Proses noyabrın 10-da davam etdiriləcək.
Qeyd edək ki, Əziz Kərimzadə 4 nəfər vətəndaşın ümumilikdə 60 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Daha sonra isə məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Ə.Kərimzadə onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində, Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.
Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.
Əziz Kərimzadə Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.