Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və oğurluqda təqsirli bilinən 1996-cı il təvəllüdlü Babək Atamalıyev, Hüseynağa Ağayev və Musa Camalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər.
Musa Camalovla Hüseynağa Ağayevin vəkilləri hüquqlarını müdafiə etdikləri şəxslər barəsində bəraət hökmünün çıxarılması istəyiblər. Babək Atamalıyevin müdafiəçisi isə təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edib.
Təqsirləndirilən şəxslər son söz üçün vaxt istəyiblər.
Proses noyabrın 10-da davam edəcək.
Bundan əvvəlki prosesdə çıxış edən prokuror Babək Atamalıyevin 20 il, Hüseynağa Ağayev və Musa Camalovun 4 il azadlıqdan məhrum edilməsini istəyib.
Qətl hadisəsi bu il martın 22-də gecə saat 1 radələrində baş verib.
27 yaşlı Namiq Məmmədov Sumqayıt şəhəri, 13-cü mikrorayonda qətlə yetirilib. Fakta görə Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Məlum olub ki, Namiq Məmmədov doğulduğu gün qətlə yetirilib.
Hadisə şahidləri bildirib ki, mərhum gənc işdən qayıdarkən siqaret almaq üçün məhəlləyə yaxın ərazidə dükana girib. Mağazadan çıxanda ona 3 nəfər yaxınlaşıb və siqaret istəyiblər. Namiq Məmmədovun onlara siqaret vermək istəməməsi mübahisə doğurub. Beləliklə, mərhumu təqib edən sərxoşlar həyətə girənə qədər onu söyüb təhqir ediblər.
Təhqirlərdən bezən Namiq həyətə girən kimi, blokun önündə dayanan 4 qonşunu köməyə çağırıb. Qonşuların mübahisəyə müdaxiləsi vəziyyəti daha da ağırlaşdırıb.
Siqaret arzusunda olan şəxslərdən biri -1996-cı il təvəllüdlü Babək Atamalıyev üzərində gəzdirdiyi bıçağı çıxararaq Namiqi vurub və qaçıb. Qonşular qatilin arxasıyca düşsələr də o, əlindəki soyuq silahla hamını hədələyərək aradan çıxa bilib.
Qonşulardan biri mərhumun ailəsinə xəbər verməyə, biri taksi axtarmağa, digəri isə təcili tibbi yardıma zəng edib. Namiq aldığı ağır bıçaq zərbəsindən bir neçə dəqiqə sonra anasının qucağında keçinib.
Namiqi öldürəndən sonra qatil və onun yanındakı digər şəxslər növbəti cinayəti törədiblər. Qonşu məhəlləyə qədər qaça bilən şəxslər dükan yarıblar və məhz bu zaman polis tərəfindən tutulublar. Bildirilir ki, qatil “ölüm işi hara, dükan yarmaq hara? 1-2 il yatıb çıxarıq” düşüncəsiylə bu yola əl atıb.
Polis bölməsinə oğurluq ittihamı ilə aparılan həmin şəxslər qətlə şahidlik etmiş 4 qonşu tərəfindən tanınıblar. Şahidlik üçün bölməyə dəvət olunan qonşular təsadüfən qatili görərək onun oğurluq üstündə tutulduğunu eşidiblər.
Qonşular həmin şəxsin əslində Namiqin qatili olduğunu bildiriblər və Babək Atamalıyev sorğu-sualdan sonra hər şeyi boynuna alıb.
Hacı Zeynalov