8 Noyabr 2016 17:34
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə şahid qismində jurnalist Lamiyə Babayeva ifadə verib.

Lamiyə Babayeva deyib ki, Mehriban Hüseynovanı jurnalist kimi fəaliyyət göstərdiyi vaxtdan tanıyıb. O, qeyd edib ki, Mehriban Hüseynova ilə İlhamə Quliyevanın münasibətləri həmişə yaxşı olub.

Lamiyə Babayeva bildirib ki, Mehriban Hüseynovanın İlhamə Quliyevanın əmlakına yiyələnmək istəməsi barədə heç bir məlumatı olmayıb. Şahidin sözlərinə görə, İlhamə Quliyeva ilə telefon vasitəsi ilə tez-tez əlaqə saxlayıb: “İlhamə mənə Mehribandan gileylənirdi, həmçinin başqa şikayətlər edirdi. İlhamə deyirdi ki, mənə cadu ediblər”.

Proses noyabrın 15-də davam edəcək.

Mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İlhamə Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Hacı Zeynalov


Müəllif: