Şamaxı rayonunun Çağan kəndində anadan olmuş 1959-cu il təvəllüdlü Məfkurə Mustafayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Məfkurə Mustafayeva yaşadığı Şamaxı şəhəri Aşıq Məmmədağa küçəsi 88 nömrəli ünvanda fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edib.
Onun saxladığı əxlaqsızlıq yuvasına müştəri kimi gedən Şamaxı şəhər sakini Adil Paşayev Sabirabad rayon sakini Ətayə Məmmədova (Adil Paşayev və Ətayə Məmmədovanın həm adı və həm də soyad şərti verilib) intim əlaqədə olmaq istəyib.
Məfkurə Mustafayeva qadınla intim əlaqədə olmağa şərait yaradılması üçün Adil Paşayevdən 50 manat almaq barədə razılığa gəlib.
50 manatı alan Məfkurə Adil Paşayev və Ətayə Məmmədovanı evinin ayrıca yataq otağına aparıb. Adil Ətayə ilə həmin otaqda intim əlaqədə olan zaman Şamaxı rayon polis şöbəsinin əməkdaşları ora gəliblər.
Polislər evdə əməliyyat-axtarış tədbirləri aparıblar. Əməliyyat zamanı Adil Paşayevin Ətayə ilə intim əlaqədə olması aşkar edilib.
Məfkurə Mustafayeva Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham edilib.
Şamaxı rayon Məhkəməsinin hökmü ilə Məfkurə Mustafayevanın aylıq qazancından dövlət nəfinə 10 faiz pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Onun cəzasının əvvəlinin işlədiyi və qazancından pul tutulmalarının aparıldığı vaxtdan hesablanması qərara alınıb.
Həmin hökmdən narazı qalan Məfkurə Mustafayeva apelyasiya şikayəti verib. O, günasız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Əxlaqsızlıq yuvasının sahibi: “Bu hərəkəti ehtiyac üzündən etmişəm”
Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmədə ifadə verən Məfkurə Mustafayeva bildirib ki, Ətayə Məmmədovanı bir ilə yaxın müddətdə tanıyıb: “Onunla heç bir ədavət və düşmənçiliyim olmayıb. Ötən ilin noyabrın 25-də, saat 18.00 radələrində istifadə etdiyim mobil telefonuna zəng gəldi. Telefona cavab verərkən əvvəllər tanıdığım Ətayənin olduğunu bildim. Ətayə bildirdi ki, ona bir nəfər oğlanla birlikdə qalmağa yer lazımdır. O, əgər imkan varsa onlara bir otaq verməyimi xahiş etdi. Ərim xəstə olduğu üçün, özü də heç bir yerdə işləmədiyimdən pula ehtiyacı olub. Ətayəyə “50 manat verin, sizə bir axşam qalmağa öz evimdə otaq verərəm”, -deyə bildirdim. Ətayədə mənimlə razılaşıdı. Bir az keçəndən sonra Ətayə tanımadığım bir oğlanla bizə gəldi. Onları qarşıladım və yataq otaqlarından birini onlara intim əlaqədə olmaları üçün verdim. Bu hərəkəti ehtiyac üzündən etmişəm”.
Əxlaqsızlıq yuvasında tutulan qadın: “Polislər içəri girdi və bizi saxladılar”
Cinayət işi üzrə adı keçən Ətayə Məmmədova iş üzrə şahid qismində ifadə verib. O, bildirib ki, Məfkurə Mustafayeva ilə təxminən bir il bundan qabaq Bakı şəhərində, Əcəmi metrosunun yaxınlığında yaşayan rəfiqəsi Mələyin evində qonaq olarkən tanış olub: “Biz tanış olduqları müddətdən sonra mütamadi olaraq telefon əlaqəsi saxlamışıq. Noyabrın 25-də, saat 13 radələrində əvvəllər tanıdığım Şamaxı şəhər sakini Adil adlı oğlan mənə zəng vurdu və bildirdi ki, əgər vaxtın varsa Şamaxı şəhərinə gəl görüşək. Pula ehtiyacım olduğu üçün “Şamaxinka” adlanan yerə gəldim və oradan Şamaxı şəhərinə gedən tanımadığım bir taksiyə oturdum. Saat 17 radələrində Şamaxı şəhərinə gəldim. Adillə görüşdüm. Həmin vaxt bizə yer lazım olduğu üçün tanışım Məfkurəyə zəng vurdum və bildirdim ki, mənim tanışımla qalmağa yer lazımdır, imkan varsa bizə evində bir otaq ver, pulunu verək. Məkurə ilə razılaşandan sonra Adillə onlara getdik. Orada istirahət edib, intim əlaqədə olmaq üçün Məfkurəyə 50 manat verdik. Məfkurə bizi yataq otağına apardı və yataqla təmin etdi. Adillə yataq otağında intim əlaqədə olduq. İntim əlaqədə olandan sonra paltarımı geyindim. Bu zaman polislər içəri girdi və bizi saxladılar”.
Əxlaqsızlıq yuvasında tutulan kişi: “Dedi ki, yer işi düzəldi”
Əxlaqsızlıq yuvasında qadınla tutulan Adil Paşayev bildirib ki, Ətayə ilə Bakı şəhərində tanış olub: “Tanış olduğumuz müddətdən mütamadi olaraq telefon əlaqəsi saxlamışıq. Noyabrın 25-də Ətayə ilə görüş üçün razılaşdım. Bakıda Şamaxıya gələn Ətayəni mərkəzi univermağın yaxınlığında qarşıladım. Biz görüşəndən sonra intim əlaqədə olmaq üçün yer axtarmağa başladıq. Bu zaman Ətayə bildirdi ki, mənim burda Məfkurə adlı tanışım var, ona zəng vurum, əgər evdədirsə gedib onlarda qalarıq. Ətayə Məfkurəyə zəng vurdu və danışdı. Sonra dedi ki, yer işi düzəldi, Məfkurə bizə qalmağa öz evində otaq verəcək, ancaq əvəzində ona 50 manat verməliyik. Mən də bununla razılaşdım. Və birlikdə Məfkurənin evinə getdik. Məfkurəyə 50 manat verdim”.
Polis: “Bizə əməliyyat məlumatı daxil olmuşdu”
Şahid qismində ifadə verən Pərviz Cəfərov bildirib ki, noyabrın 25-də Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi ev 88-də yaşayan Məfkurə Mustafayevanın yaşadığı evində əxlaqsız yuvası təşkil etməsi barədə əməliyyat yolu ilə məlumat daxil olub: “Ona görə də tərəfimdən təxirə salınmadan bu barədə rayon polis şöbəsinin rəhbərliyinə rəsmi məlumat verdim. Sonra polis əməkdaşları Mirzə Məmmədov, Ziyad İbrəhimov, Ceyhun Rüstəmov və Pünhan Məmmədovla birlikdə Məfkurə Mustafayevanın evinə daxil olduq. Evə daxil olarkən sağ tərəfdə olan yataq otağında bir nəfər cavan oğlanın və bir qızın hər ikisinin yarı çılpaq vəziyyətdə olaraq paltarlarını geyindiklərini gördük”.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Məfkurə Mustafayevanın ittiham olunduğu Cinayət Məcəlləsinin 244.1-ci maddəsi sübuta yetirilməyib və ona bəraət verilib.
Bu qərardan prokurorluq narazı qalıb və kasasiya protesti verib. Prokurorluq protestində apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.
Prokurorluğun protestinə Ali Məhkəmədə, hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası prokurorluğun protestini təmin edib və Sumqayıt Apelyasiya Məhkəməsinin qərarını ləğv edib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.
Bəraət hökmü ləğv ediləndən sonra iş materialları yenidən araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
Yaxın günlərdə bu cinayət işi üzrə apelyasiya instansiyasında yenidən məhkəmə prosesi başlayacaq.
Hacı Zeynalov