11 Noyabr 2016 19:52
5 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, Elvin Abdullayev həbs olunana kimi Dövlət Neft Şirkətində çilingər vəzifəsində işləyib.

İttihama görə, Elvin Abdullayev 29 iyul 2013-cü il tarixdə, saat 10 radələrində Siyəzən şəhəri, Babək küçəsi ilə gedərkən əvvəllər yaxın münasibətdə olduğu Könül Abbasovanın əri Qəzənfər Musayev ilə rastlaşıb.

Elvin Abdullayev ona həyat yoldaşı Könül Abbasovanın gəzəyən qadın olduğunu bildirib, onunla ailə qurmasını irad tutub.

Həyat yoldaşı haqqında xoşagəlməz ifadələr işlətdiyi üçün Qəzənfərlə Elvin arasında dava düşüb. Elvin qısqanclıq zəminində Qəzənfərdən intiqam almaq istəyib. O, üzərində gəzdirdiyi bıçaqla Qəzənfərə bir neçə zərbə vurub. Qəzənfər vaxtında xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib.

İstintaq orqanı tərəfindən Elvin Abdullayevə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham verilib. Siyəzən rayon Məhkəməsi onun əməlini Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa xəsarət yetirmə) maddəsinə tövsüf edilib.

Məhkəmənin hökmü ilə onun barəsində 1 il müddətinə islah işləri cəzası təyin edilib. Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq şikayətində Elvin Abdullayevin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsini istəyib.

Prokurorluğun protestinə Sumqayıt Apelyasiya Məhkəməsində, hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Məqsədim əlaqələrimi kəsmək olub”

Təqsirləndirilən şəxs qismində dindirilən Elvin Abdullayev bildirib ki, Qəzənfər Musayevin həyat yoldaşı Könül Abbasova onun iş yoldaşıdır: “Könül ilə bir neçə ildir yaxın münasibətlərim, əlaqələrim olub. Könül Qəzənfərə ərə gedəndən sonra onu xəyalımdan çıxarmaq istədim. Bunun üçün əri Qəzənfərdən istifadə etdim. Məqsədim Qəzənfəri vurmaqla həyat yoldaşı Könül ilə əlaqələrimi kəsmək olub”.

“Həyat yoldaşımla məni izləyirdi”

Zərərçəkmiş Qəzənfər Musayev qeyd edib ki, Elvin Abdullayevi əvvəllər tanımayıb: “Onunla aramızda ədavət və qərəz olmayıb. “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində işləyən Könül Abbasova ilə ailə həyatı qurmuşam. İyulun 28-də, saat 21 radələrində Siyəzən şəhərində Mərkəzi Parkda gəzintiyə çıxarkən bir nəfər şəxsin bizi izlədiyini gördüm. Həyat yoldaşım həmin şəxsin onunla bir idarədə işləyən Elvin olduğunu bildirdi. Lakin həmin gün Elvinə heç bir söz demədim, həyat yoldaşım ilə birlikdə evə qayıtdıq”.

“Arvadımın gəzən qadın olduğunu bildirdi”

Zərərçəkmişin sözlərinə görə, ertəsi gün, saat 10 radələrində Siyəzən şəhərinin mərkəzində olarkən Siyəzən Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəliyinin inzibati binasının arxa hissəsində Elvinlə rastlaşıb: “Bu zaman Elvin arvadımın ləyaqətsiz və gəzən qadın olduğunu bildirdi. Bildirdi ki, nahaq onunla ailə qurmusan. Elvinə etirazımı bildirdim. O, yaxamdan tutdu. Özümü müdafiə etmək üçün Elvini kənara itələdim. Bundan sonra o, cibindən bıçaq çıxararaq məni vurub qaçdı. Oradan yaşadığım evə qayıtdım, həmin anda işdə olan həyat yoldaşı Könülə zəng edərək Elvinin mənə bıçaqla xəsarət yetirdiyini bildirdim. Ona görə Könül işdən icazə alaraq evə qayıtdı. Yaramın ciddi olduğunu görərək məni Siyəzən Müalicə Diaqnostika Mərkəzinə apardı. Dioqnostika Mərkəzində mənə ilkin tibbi yardım göstərildi, sorğu zamanı tibb işçilərinə məni bıçaqla vurduqlarını bildirdim. Polislər xəstəxanaya gəldilər. Elvindən heç bir şikayətim yoxdur. Elvin Abdullayevi bağışlayıram və ona cəza verilməsini istəmirəm”.

“Ailə qurandan sonra Elvin ilə əlaqəmi bitirmişəm”

Cinayət işi üzrə şahid qismində ifadə verən Könül Abbasovanın sözlərinə görə, Elvin Abdullayev ilə iki ilə yaxın bir yerdə işləyib və onunla dostluq münasibətində olub: “Ailə qurandan sonra Elvin Abdullayev ilə əlaqəmi bitirmişəm. Həyat yoldaşım Qəzənfərlə iyulun 28-də, axşam saat 21 radələrində Siyəzən şəhər parkına gəzintiyə çıxmışdıq. Bu zaman Elvinin bizi izlədiyini gördüm və bundan narahat oldum. Elvinə heç bir söz demədən həyat yoldaşım ilə birlikdə evə qayıtdım. Ertəsi gün işdə olarkən həyat yoldaşım zəng edərək, Elvinin onu bıçaqla ayağından vurduğunu, hazırda evdə olduğunu bildirdi. Bunun üçün rəhbərlikdən icazə alaraq evə qayıtdım. Həqiqətən Qəzənfərin sağ ayağında xəsarət izinin olduğunu gördüm. Onu Siyəzən Regional Dioqnastika Mərkəzinə apardım. Orada sorğu zamanı həyat yoldaşım tibb işçilərinə bıçaqla vurulduğunu bildirdi”.

Apelyasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda Siyəzən rayon Məhkəməsinin çıxardığı hökmün ləğv edilməsi barədə qərar qəbul edilib.

Elvin Abdullayevin barəsində yeni hökm çıxarılıb. Yeni hökmə əsasən, Elvin Abdullayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib və o, 2 il 9 ay 18 gün azadlıqdan məhrum edilib.

Elvin Abdullayevin barəsində həbs qətimkan tədbiri seçilib, o, məhkəmə zalında həbs edilib. Onun cəzaçəkmə müddətinin başlanğıcı 21 sentyabr 2016-ci il tarixdən hesablanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər