Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirli bilinən Cavidan Seyfullayevin cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu ilin mayın 8-də Xətai rayonunun M.Hadi küçəsində naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi bıçaqla qətlə yetirib.
Polis və prokurorluq orqanları əməkdaşlarının əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Cavidan Seyfullayev tutulub. Məlum olub ki, hadisədən əvvəl Cavidan Seyfullayev bibisi oğlu Musa Nurullayevlə kafelərdən birində yeyib-içib. Daha sonra metronun qarşısında gəzişiblər.
Sərxoş qohumların şit zarafatları biri-birlərinin xoşuna gəlməyib. Bu zaman Cavidan bıçaqla Musa Nurullayevi vurub.
Cavidan Seyfullayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunur.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub.
Məhkəmə baxışı noyabrın 21-nə təyin edilib.
Hacı Zeynalov