Günün ikinci yarısında ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasov bildirib ki, şahidlərdən - Sərdar Bünyadov və digər bir neçə nəfəri məhkəməyə müraciət edərək istintaqa verdikləri ifadəni təsdiq etdiklərini və iclasa gəlmək istəmədiklərini bildiriblər.
Taleh Bağırov isə onların dindirilməsini istəyib.
Təqsirləndirilən Aqil İsmayılovun vəkili müvəkkilinin gözündə problem yarandığını, ona yeni eynək təyin olunmasının vacibliyini deyib. Hakim bildirib ki, həkimin adı-soyadı məhkəməyə təqdim olunsa, onun istintaq təcridxanasına buraxılmasına şərait yaradılacaq.
Daha sonra hakim digər şahidlərin məhkəməyə gəlmədiklərini deyib.
Proses noyabrın 16-da davam edəcək.
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə Hüseynbala Mehdiyv ifadə verib.
O bildirib ki, Fuad Qəhrəmanlının feysbudakı siyahısına yazdığı rəyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb: "Fuad Qəhrəmanlı ilə şəxsi tanışlığım yoxdur. Ona hörmətim var, amma yazdığı statuslarə başa düşməmişəm. Feysbuku əyləncə yeri kimi qəbul edirəm. Buna görə də kim nə yazsa layk edirəm".
Digər şahid Xaqani Dadaşov bildirib ki, ötən il noyabrın 25-də məsciddə olub, ertəsi gün balıq satmağa gedib: "Eşitdim ki, Nardaranda atışma olub, ölən var. Buna görə kəndə qayıtdım".
Məhkəmədə Xaqani Dadaşovun istintaqa verdiyi ifadəsi elan edilib. O, istintaqa bildirib ki, Taleh Bağırov çıxışlarında silahlanmağı, dövlətə qarşı çıxmağı təbliğ edirdi.
Şahid daha sonra istintaqa verdiyi ifadəsində Taleh Bağırovun yaratdığı Müsəlman Birliyi Hərəkatına üzv olmasından danışıb: "Hər ay 2 manatlıq üzvlük haqqı ödəmişəm, mənə üzvkük vəsiqəsi veriblər. Sonradan Taleh Bağırov və onun tərəfdarları - Elçinin, Zülfüqarın, Cabbarın niyyətlərindən başa düşdüm ki, məqsədləri vətəndaşları prezidentə qarşı qaldırmaqdır. Onlar deyirdilər ki, hazırkı höküməti yıxıb dini dövlət qurmaq lazımdı. Onların bu pis niyyətlərini anladım və Müsəlman Birliyi Hərəkatının adından mənə verilən vəsiqəni cırdım".
Şahid daha sonra əlavə edib ki, noyabrın 25-də təqsirləndirilən Əbülfəz Bünyatovun evinə silah topladıqlarını görüb: "Taleh Bağırovun tərəfdarları deyirdilər ki, silahl toplamaqda məqsədləri var. Məqsəd ondan ibarət idi ki, kəndə polislər gələcək, silahlanaraq onları kəndə buraxmasınlar. Həmin gün balıq satmağa getmişdim. Orada eşitdim ki, polislər kəndə gəlib, silahlı şəxslər onların qarşısına çıxıb. Polislər öldürülüb".
Şahid istintaqa verdiyi ifadəsini təsdiqləməyib.
Daha sonra hakim bildirib ki, müdafiə tərəfinin tələbi ilə Taleh Bağırovun "Müraciət" kitabçası prokurorluqdan alınıb. Kitabça tanış olmaq üçün vəkilləri verilib.
Proses günün ikinci yarısında davam edəcək.
Hacı Zeynalov