Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində çay evində qətl törətməkdə təqsirləndirilən Vüqar Şirinovun məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçən prosesdə hökm oxunub.
Vüqar Şirinov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Prokuror Vüqar Şirinovun 20 il müddətinə həbs edilməsini istəmişdi.
İttihama görə, qətl ötən il martın 6-da axşam saatlarında Nəsimi rayonunun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən “Odlar Yurdu” çay evində baş verib.
Vüqar Şirinov çay evinin sahibi, Ağsu rayon sakini Murad Qubadovdan borc pul alıb. Murad Qubadov Vüqar Şirinova bir neçə dəfə zəng edərək pulunu tələb edib. Pulu qaytara bilməyən borclu isə vaxt istəyib. Lakin həmin müddətdə də borcu qaytara bilməyib.
Hadisə günü Murad Qubadov yenidən Vüqar Şirinova zəng vuraraq borcunu tələb edəndə, mübahisə yaranıb. Vüqar Şirinov naməlum şəraitdə əldə etdiyi qundağı kəsilmiş ov tüfəngi ilə “Odlar Yurdu” çay evinə gələrək sahibkarın otağına daxil olub, 3 atəş açaraq Murad Qubadovuqətlə yetirib, hadisə yerindən qaçıb.
Qatil Ağsu rayonunda valideynlərinin yanına qaçıb, onlarla vidalaşaraq könüllü şəkildə Ağsu rayon Polis İdarəsinə təslim olub.
Hacı Zeynalov