Şirvan Apelyasiya Məhkəməsində rüşvət almaqda ittiham olunan Astara Pedoqoji Kollecinin direktoru Əlihəsən Həmzəyev, eləcə də Aqil Veysəlov, Azadə Səfərova, Günay Səmədova və Ülviyyə Abdullayevanın işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Amil Dosiyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.
Proses dekabrın 6-da davam edəcək.
İttihama görə, 1997-ci ildən həmin vəzifədə işləyən Əlihəsən Həmzəyev bir qrup şəxslə əlbir olaraq hədə-qorxu yolu ilə pul alıb. O, kollecin əyani şöbəsində təhsil alan tələbələrə 2014/2015-ci ilin qış sessiyasında imtahanlardan müvəffəq qiymətlərin verilməsi, eləcə də rüşvət vermədikləri halda imtahanların nəticələrinə görə bilik səviyyələrinin qeyri-kafi qiymətləndiriləcəyi hədəsi ilə külli miqdarda rüşvət alma məqsədi ilə ümumilikdə 155 tələbədən 14 min 760 manat pulu hədə-qorxu tətbiq etməklə, ümumi himayədarlıq müqabilində 2014-cü ilin dekabr və 2015-ci ilin yanvar aylarında kollecin inzibati binasındakı xidməti otağında şəxsən alıb.
Əlihəsən Həmzəyevlə birlikdə kollecin digər əməkdaşları – Aqil Veysəlov, Azadə Səfərova, Günay Səmədova və Ülviyyə Abdullayeva da ittiham ediliblər.
Əlihəsən Həmzəyev Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (rüşvət alma; təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma; külli miqdarda törədildikdə) və 311.3.4-cü (rüşvət alma; hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham edilir.
Digər təqsirləndirilən şəxslər də Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə ittiham olunurlar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Əlihəsən Həmzəyevi 5 il azadlıqdan məhrum edib. Aqil Veysəlov, Azadə Səfərova, Günay Səmədova və Ülviyyə Abdullayevanın barəsində şərti cəza təyin olunub.
Hacı Zeynalov