Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və digər şəxslərin ittihamnaməsinin oxunuşu yarımçıq saxlanıb.
Teleqraf.com xəbər verir ki, proses noyabrın 21-də prokurorun ittihamnamənin ardını oxuması ilə davam edəcək.
***
Günün ikinci yarısında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və digər şəxslərin məhkəməsi davam edib.
Teleqraf.com xəbər verir ki, prosesdə Akif Çovdarovun vəkilləri cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ləğv edilməsi, onun azadlığa buraxılması, tibbi ekspertiza təyin edilməsi, ekspertlərin xaricdən gətirilməsi barədə vəsatətlər veriblər.
Məhkəmə ekspertiza barədə vəsatəti qismən təmin edib. Bildirilib ki, ekspertiza təyin olunacaq, lakin xaricdən ekspertlər çağrılmayacaq.
Digər vəsatətlər təmin edilməyib.
Akif Çovdarov qısa çıxış edərək digər təqsirləndirilən şəxslərin azadlığa buraxılmalarını istəyib. Bildirib ki, onunla birlikdə mühakimə olunan şəxslərin günahı yoxdur: “Onları buraxın, nəyi desəniz imzalayım”.
Bundan sonra iş üzrə məhkəmə baxşının başlanmasına qərar verilib. Prokuror ittiham aktını elan etməyə başlayıb.
Proses davam edir.
***
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və digər şəxslərin məhkəməsi davam edib.
Teleqraf.com xəbər verir ki, qapalı prosesdə Akif Çovdarov ötən məhkəmə iclasında vəkillərindən imtina ilə bağlı təqdim etdiyi ərizəsini geri götürüb.
Akif Çovdarovun müdafiəsinə vəkil Şahin Rəfiyev də qoşulub. Hazırda Akif Çovdarov 3 vəkillə müdafiə olunur.
Proses davam edir.
***
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edir.
Teleqraf.com xəbər verir ki, baxış iclası Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.
Bu gün Akif Çovdarov və digərlərinin cinayət işi üzrə məhkəməyə yenə də jurnalistlər buraxılmayıb. Prosesin rəsmi olaraq qapalı keçirilməsi nəzərdə tutulmasa da, mətbuat nümayəndələri içəri keçə bilməyib.
Bu günkü prosesdə prokuror Akuf Çovdarov və digərlərinin ittihamnaməsini açıqlayacağı gözlənilir.
Hazırda proses qapalı şəkildə davam edir.
İttihama görə, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
Hacı Zeynalov