Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elməddin Ağayev və Kərəm Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Elməddin Ağayev 19 il, Kərəm Əliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə bu il sentyabrın 19-da Xətai rayonu, Nobel prospekti, 110 ünvanında qeydə alınıb. 50 yaşlı Ələddin Qarayev oğlunun toyuna 12 gün qalmış qətlə yetirilib. Onun oğlu Əmrah Qarayev Nobel prospekti, 110 ünvanında yerləşən "Lion" kafesində kafe sahibinin mühafizəçisi Elməddin Ağayevlə mübahisə edib, aralarında dava olub.
Daha sonra Ələddin Qarayev kafenin yaxınlığındakı evinə gedib. Elməddin Ağayev və qardaşı Niyaməddin Ağayev bıçaqla silahlanaraq, Əmrah Qarayevin yaşadığı evə gəliblər. Evin qarşısında növbəti dəfə dava düşüb. Elməddin Ağayev əlindəki bıçaqla Əmrah Qarayevin boğaz nahiyəsinə xəsarət yetirib.
Ələddin Qarayev evdən beysbol ağacı götürərək qapıya çıxıb və oğluna kömək etməyə çalışıb. Elməddin Ağayev onu da bıçaqlayıb. Xəstəxanaya aparılarkən, Ələddin Qarayev yolda ölüb, oğlu Əmrah Qarayev isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Cinayəti törədən şəxslər həbs edilib.
APA-nın məlumatına görə, bu gün hökmün oxunuşundan sonra məhkəmə zalında təqsirləndirilən şəxsin yaxını olan qadın üzərinə benzin tökərək intihara cəhd edib.
İntihara cəhdin qarşısı alınıb.
Hacı Zeynalov