Xuliqanlıq və qanunsuz silah saxlamaqda ittiham olunan Balakən rayon sakinləri Vüqar Bodurov və Ruslan Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Vüqar Bodurov əvvəllər törətdiyi xuliqanlıq cinayətinə görə Balakən rayon Məhkəməsinin 27 dekabr 2007-ci il tarixli hökmü ilə 3 il 6 ay azadlıqdan məhrum edilib. Həmin məhkəmənin 7 iyun 2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının iyirmi faizi dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum olunub.
Vüqar Bodurov tərəfini saxladığı, kriminal aləmdə “qanuni oğru” kimi tanınan “Rövşən Lənkəranski” ləqəbli Rövşən Caniyevin haqqında Samir Osmanovun xoşagəlməz ifadələr işlətdiyini eşidib. Ona Samir Osmanovun Rövşən Caniyevi “qanuni oğru” kimi tanımadığı və onun ünvanına nalayiq söyüşlər söyməsi barədə məlumatlar verilib.
O, Samir Osmanovun "cavab"ını vermək üçün “Makarov”la silahlanaraq Balakən rayonuna gəlib. Vüqar Bodurov tanışları Kamil Hüşənov, Raqib Bədəlov, Vüqar Rəcəbov və Vasif Cəfərovla Balakənə gələrək burada rayon sakinləri Ruslan Muradov və Aydın Sayılovla görüşüblər. "Qonaqlar" iz itirmək üçün başqasının adına olan sənədlərdən istifadə etməklə oteldə qalıblar.
Vüqar Rəcəbov 24 noyabr 2013-cü il, saat 12 radələrində Samir Osmanova zəng edib, guya qardaşının kiməsə pul borcu olduğunu bildirib və söhbət etmək adı ilə aldadaraq “Balakən” kafesinə çağırıb.
Vüqar Bodurov, Ruslan Muradov və Aydın Sayılov tanınmamaları üçün onları kənardan müşahidə ediblər. Kafedə Raqib Bədəlov, Vüqar Rəcəbov, Kamil Hüşənov və Vasif Cəfərov odlu silah və silah qismində istifadə edilən bıçaqla Samir Osmanovu və onunla birlikdə kafeyə gələn qardaşı Sabir Osmanovu, yaxınları Pərviz Qarayevi və Tural Qarayevi döyüblər. Vasif Cəfərov həmçinin Samir Osmanovun bədəninin sağ sarğı nahiyyəsinə bıçaqla zərbə vurub.
Bundan sonra Aydın Sayılov silahlı qrup üzvləri Raqib Bədəlov, Vüqar Rəcəbov, Kamil Hüşənov, Vasif Cəfərov, Ruslan Muradov Vüqar Bodurovu oradan Balakən rayonunun Qullar kəndindəki evinə aparıb.
Onlar cinayətkar hərəkətlərini Zaqatala rayonu ərazisində davam etdirmək barədə razılığa gəliblər. Bu məqsədlə münasibətdə olduqları Ömər Orucov və digərlərini görüşə dəvət edərək birlikdə "hərəkət" etmək barədə razılığa gəliblər. Silah qismində özlərilə lüləsi və qundağı kəsilmiş ov tüfəngi də götürüblər.
Onlar Zaqatalaya gələrkən magistral yolda xuliqanlıq hərəkətlərini davam etdiriblər. Ruslan Muradov idarə etdiyi “KİA Sorento” markalı 90 MC 112 nömrə nişanlı avtomobili bir neçə dəfə qəsdən sürətlə idarə edərək Samir Osmanovla birlikdə olan şəxslərin əyləşdiyi Zaur Telliyevin idarə etdiyi “VAZ 2105” markalı 90 KG 465 nömrə nişanlı avtomobilin hərəkətinə mane olmaq məqsədi ilə üzərinə sürüb və həmin avtomobilin arxa hissəsini vurub.
Daha sonra onlar Zaqatala rayonunun Aşağı Tala kəndinin ərazisində yerləşən “Çalğalıq” adlanan restoranın qarşısına gəlib. Orada Samir Osmanovun gəlməsini gözləyiblər.
Samir Osmanov gəlmədiyindən Vüqar Rəcəbov, Raqib Bədəlov, Kamil Hüşənov və Vasif Cəfərovu saat 16 radələrində Vüsal Əliqayev idarə etdiyi “Hundai Elantra” markalı avtomobildə Bakı şəhərinə yola salıblar.
Avtomobil Bakıya gələrkən Samir Osmanov “Şimşək” adlanan ərazidə onları avtomatla atəşə tutub. Vüqar Bodurov idarə etdiyi avtomobili Samir Osmanovun olduğu “VAZ 2107” markalı avtomobilə vurub.
"Razborka" zamanı Vüqar Rəcəbov, Vasif Cəfərov və Kamil Hüşənov öldürülüb.
“Rövşən Lənkəranski”nin tərəfdarı sayılan Vüqar Bodurov Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), Ruslan Muradov isə Cinayət Məcəlləsinin 221.3, 228.2.1, 228.1, 234.2 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) və 305-ci (azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırma) maddələri ilə ittiham ediliblər.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Vüqar Bodurov 8 il, Ruslan Muradov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Vüqar Bodurov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib. Vüqar Bodurovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
Apelyasiya şikayəti hakim Mübariz Zeynalovun sədrliyi etdiyi kollegiyada araşdırılıb. Hakim kollegiyası Vüqar Bodurovun apelyasiya şikayətini təmin etməyib.
Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun tərəfdarları kimi tanınan 1991-ci il təvəllüdlü Samir Osmanov, 1968-ci il təvəllüdlü Vüqar Layıcov, 1991-ci il təvəllüdlü Sabir Osmanov, 1995-ci il təvəllüdlü Pərviz Qarayev və 1993-cü il təvəllüdlü Röyal Saramanovun cinayət işi ayrıca icraatda araşdırılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Osmanov və Vüqar Layıcov ömürlük, Sabir Osmanov 15 il 4 ay, Pərviz Qarayev 15 il, Röyal Saramanov isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Həmçinin Baş Prokurorluqda apelyasiya protesti verərək, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Tərəflərin şikayətləri baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.
Məhkəmə sonda prokurorluğun protestini təmin etməyib. Amma təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri ilə bağlı hissədə dəyişiklik edilib. Məhkəmə Pərviz Qarayevə aid hissədə hökmü dəyişib. Pərviz Qarayevin 5 il həbsxana rejimində cəza çəkməsi ilə bağlı qərarı ləğv edilib. Onun barəsində təyin edilmiş 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasının əvvəldən-axıradək ciddi rejimli cəza çəkmə müəssisində çəkməsi barədə qərar qəbul edilib.
Hacı Zeynalov