Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəyi Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi vuraraq hadisə yerindən qaçan Rəhim Kərimovun cinayət işi üzrə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Səbuhu Hüseynovun sədrliyi ilə keçirilən prosesin əvvəlində Elbəyi Allahverdiyevi məhkəmədə təmsil edən vəkil Ceyhun Yusifov mülki iddia qaldırıb.
O, bildirib ki, qarşı tərəf 149 min manat ödəməlidir. Bu məğləğin yarısını xəstə uşaqların müalicəsi üçün uşaq evinə, digər yarısını isə bu cür yol hərəkəti qaydalarının pozulması ilə bağlı hazırlanacaq tədris vəsaitlərin hazırlanması üçün Azərbaycan Diplomatiya Akademiyasına yönəldiləcək.
Təqsirləndirilən şəxsin vəkili Orxan Əhmədov zərərçəkmiş tərəfin mülki iddiasına etiraz edib. Vəkil hesab edir ki, bu məsələ hazlrkı mərhələdə araşdırıla bilməz: "Mülki iddianın başqa icraatda araşdırılması mümkündür".
Hakim deyib ki, mülki iddia cinayət işinə əlavə ediləcək, məhkəmə istintaqı zamanı araşdırılacaq.
Daha sonra prokuror ittiham aktını elan edib. Rəhim Kərimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, 2 ali təhsili var, həkim ailəsində anadan olub: "Mən narkotikdən istifadə etməmişəm və etmirəm. Hadisə yerində kamera çəkilişi olub, mən hadisə yerindən qaçmamışam. İşimə düzgün baxılmayıb, mənə düzgün ittiham verilməyib, buna görə də ifadə verməkdən imtina edirəm".
Hakim isə bildirib ki, ittiham üzrə ifadə vermək lazımdır.
Sonra təqsirləndirilən şəxs vəkilləri ilə məsləşətləşmək istədiyini bildirib. Qısa məsləhətləşmədən sonra təqsirləndirilən şəxs yenə də ifadə verməkdən imtina edib.
Bu zaman zərərçəkənlərin vəkilləri ilə təqsirləndirilən şəxsin vəkilləri arasında mübahisə yaranıb. Mübahisəyə səbəb zərərçəkmiş tərəfin vəkillərinin təqsirlındirilən şəxsin ifadə verməkdən imtinasına etiraz etməsi olub.
Təfəflərin mübahidəsini sakitləşdirən hakim təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsini elan edib.
Rəhim Kərimov istintaqa verdiyi ifadəsində hadisəni xatırlamadığını, qolunun sındığını hiss etdiyini deyib: "Qoluma görə xəstəxanaya getdim. Hadisənin necə baş verdiyini xatırlamıram, çünki sükan arxasında yuxulamışam. Qəzadan sonra ayıldım. Mərhumun anası xəstəxanaya gəlib məni soruşaraq "onu göstərin, öldürəcəyəm" deyərək ağladı.
Mən əvvəllər Moskvada nevrologiyadan müalicə olunmuşam, psixotrop maddələr qəbul etmişəm".
İfadəsi elan olunandan sonra Elbəy Allahverdiyevin vəkilləri Rəhim Kərimova suallar vermək istəyiblər. Amma hakim deyib ki, təqsirləndirilən şəxs ifadə verməkdən imtina edir, onu suallara cavab verməyə məcbur etmək olmaz.
Vəkil Ceyhun Yusifov bildirib ki, təqsirləndirilən şəxsə suallar verməyə imkan yaradılmır, məqsəd narkotik vasitədən istifadə etmək barədə ittihamı gizlətməkdir. Rəhim Kərimovun vəkili deyib ki, işdə ekspertiza rəyi var, Rəhim Kərimov narkotik vasitələrdən istifadə etməsi barədə sübut yoxdur. Tərəflərin vəkilləri məhkəmə çəkişməsi zamanı biri-birilərinə qarşılıqlı ittiham dolu ifadələr işlədiblər.
Zərərçəkmiş şəxsin hüquqi varisi Elbəyi Allahverdiyevin digər vəkili İradə Cavadova bildirib ki, təqsirləndirilən şəxsin ifadə verməkdən imtins etməsinin səbəbi protokolda qeyd edilsin: "Sonda mən protakolla tanış olacam".
Bu zaman yenə də vəkillər arasında mübahisə düşüb. Hakim tərəflərin mübahisəsini güclə sakitləşdirə bilib. Sonra zərərçəkmişlərin dindirilməsi mərhələsi başlayıb.
İş üzrə zərərçəkmiş kimi tanınan Nizami Abbasov ifadəsində bildirib ki, qəza törədilən avtomobilin sahibi olub: "Bizim mebel şirkətimiz var. Rəhim də bizdə sürücü işləyirdi. Maşın hazırda təmir olunub".
Dövlət ittihamçısı zərərçəkən Nizami Abbasovdan sürücü Rəhim Kərimovla əmək müqaviləsi bağlaması, əmək haqqını hansı yolla ödəməsi, vergi ödəyib-ödəməməsi barədə suallar verib. Nizami Abbasov maşının özünün olduğunu, istədiyi vaxt sürücünü işlə bağlı harasa göndərə biləcəyini deyib. Dövlət ittihamçısı bununla bağlı prokurorluğa müraciət edəcəyini bildirib.
Nizami Abbasov Rəhim Kərimovla qohum olduğunu, onu uşaqlıqdan tanıdığını deyib: "Amma narkotikdən istifadə etdiyini birinci dəfə sizdən eşidirəm. Onun bundan öncə nəyəsə görə istintaqa çağırıldığını bilmirəm".
Proses noyabrın 29-da davam etdiriləcək.
İttihama görə, Rəhim Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham edilir.
İttihamda qeyd edilib ki, hadisə bu il mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib.
Bakı sakini Rəhim Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Rüfət Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.
Tərtər Hərbi Məhkəməsinin hakiminin oğlu Elbəyi Allahverdiyevin oğlu olan 19 yaşlı Rüfət Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi imiş.
Təqsirləndirilən Rəhim Kərimovun atası Yüzasif Kərimov Respublika Klinik Xəstəxananın baş həkimi olub.
Hacı Zeynalov