Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə əlavə şahid qismində Namiq Əliyev ifadə verib.
Şahid bildirib ki, “Global Construction” MMC-də 2007-ci ildən texniki şöbənin rəis müavini işləyib, sonra şirkətdə dizayn şöbəsinin rəisi təyin olunub. İlk iki ayı sınaq müddətində işləyib: "Şirkətimizdə iş beynəlxalq standartlara uyğun qurulub. İstehsalın keyfiyəti həm ofisdə, həm də sahələrdə ciddi yoxlanılırdı".
Şahid bildirib ki, şirkətin həmtəsisşiləri Miryusif müəllim və Hüseynbala müəllim olub: "Şirkətdə təsisçiləri görməmişəm. Ümumiyyətlə təsisçilər bizə göstəriş verməyib. Onları ancaq tədbirlərdə görmüşük".
Namiq Əliyev bildirib ki, yanğın baş verəndə ofisdə olub: "Sonra ofisdən çıxaraq hadisə yerinə yollandım. Həmin gün ofisə qayıtmadım. Çünki eşitdim, ofisə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları gəlib, heç kimi içəri buraxmırlar".
Şahidin sözlərinə görə, şirkət olaraq binaların üzlənməsi ilə yanaşı işıqlandırılma işləri də görüblər. Qeyd edib ki, hadisədən sonra Baş Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq şöbəsinə çağırılaraq dindirilib.
Proses noyabrın 23-də davam edəcək.
Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb. “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.
Hacı Zeynalov