Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə Mehriban Hüseynova ifadə verib.
O bildirib ki, İlhamə Quliyevanı 9 il bundan əvvəl tanıyıb. Bundan əvvəl İlhamə Quliyeva onun evində 2-3 dəfə qonaq olub: “Mən özüm jurnalist kimi fəaliyyət göstərmişəm. İlhamə Quliyeva bir dəfə mənə təklif etdi ki, köməkçi kimi yanında işləyim. Razılıq verdim. Mənə dedi ki, yanında olan hər kəsi uzaqlaşdırıb”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 1-ci Avropa Oyunlarından sonra İlhamə Quliyevanın vəziyyəti ağırlaşıb: “İlhamə yalnız mənim ona kömək göstərməyimi istəyirdi. Mənə hər dəfə zəng edəndə deyirdi ki, evimdə sən olmusan, üzüyüm itib. Həmin üzüyü onun barmağında görəndə soruşurdum ki, bəs nə oldu, üzük itmişdi? Qayıdırdı ki, yadımdan çıxmışdı...
Həmişə yanında olmağımı istəyirdi, deyirdi ki, hamı mənə düşməndi, sirlərimi yalnız səninlə bölüşürəm. Mənə bacı deyirdi. Onun ən ağır günündə yanında olmuşam”.
Mehriban Hüseynovanın sözlərinə görə, İlhamə Quliyeva ona 2-3 aylıq etibarnamə verib: “Dedi, evimi satmaq istəyirəm, amma oğlum Orxan bilməsin, yoxsa məndən pul istəyəcək. O, mənə etibarnamə vermişdi, bütün işlərini mənim vasitəmlə həll edirdi. Çünki səhhəti ağır idi. Heç kəslə danışmaq istəmirdi. Müalicə olunurdu, mənə tapşırmışdı ki, onun müalicə aldığını heç kimə deməyim”.
Mehriban Hüseynovanın sözlərinə görə, İlhamə Quliyeva evini 330 min manata satıb: “Bundan sonra İlhamə gözəllik salonunda bütün hər şeyi mənə etibar etdiyini dedi. Bu, Orxanın qulağına çatdı. Bir gün Orxan mənə zəng etdi ki, anam hər şeyini sənə etibar edib? Mən də təsdiqlədim. İlhamə Quliyeva Orxanı evinə buraxmırdı.
Bir gün İlhamə Quliyevanın telefonuna zəng gəldi, telefonu mən açdım. Orxanın dostu Vüqar idi. Mənə dedi ki, İlhamə Quliyeva onunla danışmasa, vəziyyəti pis olacaq, çünki oğlu Orxan bəzi şəxslərə 95 min manat məbləğində dələduzluq edib.
Vüqar şantaja əl atdı, dedi ki, bununla bağlı mətbuata məlumat ötürəcək, İlhamə Quliyevanı rüsvay edəcək. Məsələni İlhamə Quliyevaya danışdım, o da Vüqarla mənim görüşməyimi istədi. Mən də parkda Vüqarla görüşdüm və o yenidən İlhamə Quliyeva barəsində şantaj xarakterli sözlər dedi”.
Mehriban Hüseynova əlavə edib ki, sonra İlhamı Quliyevanın yanına qayıdıb, hər şeyi ona danışıb: “İlhamə Quliyevanın səhhəti buna görə pisləşdi. Növbəti dəfə mən Vüqarla görüşüb, onu İlhamə Quliyevanın evinə gətirdim. Vüqar hər şeyi İlhamə Quliyevaya danışdı. Onun dediyinə görə, Orxan mənə etibarnamə verdiyi üçün anasını və məni öldürmək istəyir.
Vüqar İlhamə Quliyevadan 10 min manat pul istədi. Səhərisi 10 min manat pulu Vüqara verdik. Ancaq Vüqar əl çəkmədi, yenə şantajla 3500 manat pul aldı. Mən İlhamə Quliyevanın razılığı ilə bu məsələyə son qoymaq üçün yenidən Vüqarla görüşdüm.
Vüqara dedim ki, Orxanın anasını zəhərləmək istədiyini demisən. Zəhərli dərmanları kim satır? Sən ona şər atırsan? Bunu hansı həkimdən almısan, o dərmanları mənə göstərə bilərsən? Vüqar razılıq verdi. Yəni, mən bunu sadəcə yoxlamaq istəyirdim. Məqsədim Vüqarı ifşa etmək idi. Çünki o, Orxana şər atırdı.
Mənim ən böyük səhvim odur ki, bu barədə İlhamə Quliyevaya məlumat vermədim. Vüqar mənə kristal duz məmulatına oxşar maddə verdi. Mənim məqsədim o idi ki, bunları alıb maddi sübut kimi prokurorluğa verim. İlhamə Quliyeva mənə dedi ki, sənin haqqında mənə yaxşı məlumatlat gəlmir. Mən də ona bir az gözləməyini və hər şeyi ona danışacağımı dedim”.
Mehriban Hüseynova əlavə edib ki, Vüqar Bəkirov saxta vəsiyyətnamə düzəltmək üçün ona 3500 manat pul verib: “Mənə dedilər ki, İlhamə xanımın saxta imzası lazımdır. Bir qədər sonra Vüqar məndən 6 min manat pul istədi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, İlhamə Quliyeva taxta bıçaqla onun ayağından vurub: “Ayağımdan qan axırdı. Həmin vaxt İlhamə xanım qorxdu. Vüqarla aramızda olan səsyazması İlhamə xanıma təqdim edilmişdi. Sonra mətbəxtin qapısını bağladılar, bir müddət orada qaldım. Ayağımın qanını yodla sildim. Orxangil əl çəkmədilər, dedilər, bunu öldürək. Mən oradan ayrılmaq istədiyimi bildirdim”.
***
Fasilədən sonra ifadəsini davam etdirən Mehriban Hüseynova İlhamə Quliyeva tərəfindən bıçaqlanmasından danışıb: “İlhamə Quliyeva mənə tapşırdı ki, bıçaqlanmağımı heç kimə deməyim. Vüqarla Orxan məni döydülər. Dedilər ki, məni çılpaq soyundurub, videomu çəkib, internetə yerləşdirəcəklər. Məndən əl çəkmədilər, məni öldürəcəklərini dedilər”.
Mehriban Hüseynova əlavə edib ki, bundan sonra evinə yollanıb: “Mən evə gedəndə İlhamə Quliyeva yoldaşıma zəng edib deyib ki, məni öldürsün, arxasında dayanıb.
İki-üç gün keçmiş İlhamə Quliyeva məni evinə çağırdı, getdim. Qapıdan içəri keçən kimi, Kəmalə mənə iki sillə vurdu, Vüqar və Orxan da orada idi. Vüqar çantamı yerə töküb, 350 manat pulumu götürdü.
İlhamə Quliyeva mənə vurduğu silləyə görə iki dəfə Kəmalənin əlindən öpdü. Vüqar mənə dedi ki, səni həbs etdirəcəyik. Bağışlanmağım üçün diz çöküb, üzr istəməli olduğumu söylədilər. Mən də bildirdim ki, İlhamə Quliyevanın qarşısında diz çökürəm, üzr istəyirəm, amma mən heç bir sənədə qol çəkməmişəm, sadəcə İlhamə Quliyevanı söydüyüm üçün ondan üzr istəyirəm. Belə də etdim. Olanları video-lentə aldılar, guya mənim cinayət etdiyim haqda etirafedici məlumatlara yiyələndilər”.
Proses noyabrın 29-da davam edəcək.
Mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İlhamə Quliyeva 2016-cı il fevral ayının 25-də 73 yaşında dünyasını dəyişib.
Hacı Zeynalov