Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi proses təyin olunmuş vaxtda başlasa da, məlum olub ki, təqsirləndirilən Ağacavad Məmmədovun vəkili Məzahir Şahmarov prosesə gəlməyib.
Məhkəmə iclas katibi məlumat verib ki, vəkillə əlaqə saxlanılıb, təxminən 10 dəqiqəyə o, məhkəməyə çatacaq. Vəkilin iştirakı olmadan məhkəmənin davam edə bilməyəcəyini bildirən hakim prosesdə 10 dəqiqə fasilə elan edib.
Fasilədən sonra prosesdə Məzahir Şahmarova xəbərdarlıq edilib.
Daha sonra təqsirləndirilən Ədalət Rəcəbovun vəkili Xanlar Bayramzadə vəsatətlə çıxış edib. Bildirib ki, Azadlıq prospektində olan 200 saylı binanın üzlənməsinə müdafiə etdiyi şəxsin razılıq verdiyi iddia olunur: "Məhkəmədə isə Ədalət Rəcəbovun həmin razlığı vermədiyi sübuta yetirildi. Məlum oldu ki, binanın üzlənməsinə razılığı Binəqədi icra hakimiyyətinin vəzifəli şəxsləri - Telman Tarverdiyev və Qüdrət Verdixanov veriblər. Təhvil-təslim sənədlərində də Telman Tarverdiyevin imzası var. Xahiş edirəm, hər iki şəxsin prosesdə əlavə şahid qismində dindirilməsini təmin edəsiniz".
Digər təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənova bildirib ki, əlavə şahidlər binaların yüksək səviyyədə və keyfiyyətlə üzləndiyini söyləyiblər. Vəkil qeyd edib ki, işlərin görülməsi barədə aktlar istintaq zamanı ortaya çıxmayıb: "Həmin sənədlərin cinayət işinə əlavə edilməsini və sübutların tədqiqi mərhələsində araşdırılmasını istəyirik".
Hakim deyib ki, aktlar cinayət işinə əlavə edilir və həmin aktlar sənədlərin tədqiqi mərhələsində araşdırılacaq. Əlavə edib ki, Telman Tarverdiyev və Qüdrət Verdixanovun şahid qismində məhkəməyə çağırılması barədə vəsatətin müzakirəsi isı təxirə salınır: "Vəsatət sənədlərin tədqiqi mərhələsindən sonra müzakirə ediləcək".
Sonra cinayət işindəki sənədlərin tədqiqi mərhələsi başlayıb. Əvvəlcə hadisə yerinə baxış barədə sənəd elan olunub. Baş prokurorun müavini Rüstəm Usubov, Bakı şəhər prokuroru Əziz Seyidov, prokurorluğun əməkdaşları və ekspertlər hadisə yerinə baxışda iştirak ediblər. Tərtib olunan aktda binada baş verən yanğının səbəbləri qeyd olunub.
Hakim həmçinin cinayət işindəki binanın təmiri, sahəsi barədə sənədləri, mənzillərin yanması, dəymiş ziyanla bağlı tərtib olunan aktları elan edib. Sənədlərdən məlum olub ki, binanın qəsdən yandırılması ilə bağlı naməlum əşya tapılmayıb.
İlhamə Həsənova bildirib ki, hadisə yerinə baxış keçirilməsi ilə bağlı tərtib olunan protokol sübut kimi qəbul edilə bilməz: "Səbəb odur ki, hadisə yerinə Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun rəhbərliyi ilə baxış keçirilib. Amma sənəddən məlum olur ki, aktı prokurorluğun digər əməkdaşı Mehdi Mirzəyev imzalayıb. Bu da qanunsuzdur.
Çünki hadisə yerinə baxış keçirən şəxs protokolu tərtib etməli və imzalamalıdır. Həmin vaxt Eldar Əhmədov Miryusif Mahmudovun həbsi ilə bağlı sanksiya verib. Bir şəxsin iki yerdə olması mümkün deyil".
İlhamə Həsənova əlavə edib ki, meytlərin çıxarılması, harada olması baxış protokolunda qeyd olunmayıb: "Hadisə zamanı 15 nəfər ölüb, amma istintaq deyir ki, 16 nəfər vəfat edib. Meyitlərin harada taplması protokolda qeyd edilməyib. Bu da ciddi qanun pozuntusudur".
Vəkilin sözlərinə görə, Miryusif Mahmudov şübhəli şəxs qismində hadisə yerinə baxış zamanı saxlanılıb: "Həmin vaxt hal şahidləri şübhəli şəxsə təqdim olunmayıb. Bundan başqa, protokolda kamera çəkilişlərinin olduğu bildirilir. Amma çəkiliş ortalıqda yoxdur. Bəlkə hadisəni törədən şübhəli şəxs çəkilişə düşüb? Həmin çəkilişi məhkəməyə təqdim edin.
Çəkiliş yoxdursa, Eldar Əhmədov məhkəməyə dəvət olunsun, qanun pozuntusu araşdırılsın".
Hakim deyib ki, vəsatətə sonda münasibət bildiriləcək.
Sonra hakim "Təhlükəsizlik şəhər" kamerasından götürülən video-çəkilişlə bağlı sənədi elan edib. Vəkil İlhamə Həsənova çəkilişə baxılmasını təklif edib. Hakim həmin çəkilişə baxılmasına zərurət görməyib.
“Qlobal Stone” MMC-nin binasına baxış keçirilməsi barədə sənəd elan olunanda Miryusif Mahmudov etiraz edib. Bildirib ki, həmin binanın “Qlobal Stone” MMC-yə aidiyyəti yoxdur. Onun sözlərinə görə, bina JEK-ə məxsusdur: "Mən danışmaq istəmirəm, amma içim yanır. Hadisə yerinə baxışdan əvvəl məni şübhəli şəxs qismində saxlayıblar. Bu, mənə qarşı qərəzli hərəkətdir. Mənim öz ifadəmi dəyişiblər. Məqsəd məni tutmaq idi. Mən niyə xalq düşmıniyəm?"
İlhamə Həsənova qeyd edib ki, yaxınlıqdakı qadın klubundan baxan Könül Həsrətova yanğının baş verdiyini görüb. Vəkil həmin şahidin, həmçinin binaya bitişik yarımçıq tikilinin sahibi Şakir Camalovun dindirilməsini istəyib: "Şakir Camalov hadisədən sonra prokurorluğa şikayət edib. Bildirib ki, hadisədən sonra yarımçıq tikilidə olan kabellər sökülüb. Ardıyca da yarımçıq tikilini sökməyə başlayıblar. Bununla cinayətin məhz həmin tikilidə baş verdiyi müəyyən olana bilər. Bu səbəbdən həmin şahidin dindirilməsini istəyirik".
Miryusuf Mahmudov bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Ramazan Səfərov hadisə baş verən günü Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə gətirib: "Həmin vaxt ora sürücümü də çağırdım. Ağlım kəsməzdi ki, məni həbs edələr. Qapıda dayanan məndən və Ramazan Səfərovdan telefonları istədi. Ramazan adlı şəxs sənəd göstərdi, bildirdi ki, MTN əməkdaşıdır. O, telefonunu vermədi və birlikdə içəri keçdik.
Məni müstəntiq Sənan Paşayevin xidməti otağına apardılar. Saat 6-dan orada oturdum, mənə "səndən ifadə alıram" sözünü demədi. Çoxlu sakitləşdirici qəbul etmişdim, rahat idim. Bir sözlə, dindirildiyimi bilməmişəm. Deməyiblər ki, şahid və yaxud şübhəli şəxssən. Bütün bunlar mayın 19-da baş verib. Mayın 21-də təqsirləndirilən şəxs kimi göstərilmişəm.
İfadəmdə dəyişiklik olub, faktiki rəhbərlik sözü əlavə olunub. Mayın 22-də Kürdəxanıya gıtirildim. O gündən Sənan Paşayevi görmədim, mənim yanıma gəlmədi. Bir də onu avqust ayında gördüm. Ona dedim ki, ifadəmi al, mənə təzyiq ediblər, hədə-qorxu gəliblər. 10 ay ifadəmi almayıblar, heç kimlə üzləşdirməyiblər. Bu, necə istintaq aparmaq idi?"
Proses günün ikinci yarısında davam edəcək.
Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb. “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.
***
Günün ikinci yarısında Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənova vəsatətlə çıxış edib.
O, hüquqlarını müdafiə etdiyi şəxsin istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğunu bildirib. Qeyd edib ki, Miryusif Mahmudovun istintaqa verilən ifadəsi sübutlar siyahısından çıxarılmalıdır.
Hakim vəsatəti baxılmamış saxlayıb. Proses noyabrın 24-də davam edəcək.
Hacı Zeynalov