Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Yusif Əzizov qeyd edib ki, Maşallah Əhmədovla aralarında heç bir razılaşma yoxdur. O, Maşallah Əhmədova yüksək cəza verilməsini məhkəmədən xahiş edib.
Maşallah Əhmədov isə zərərin ödəniləcəyini deyib. Maşallah Əhmədovun vəkili prosesə gəlmədiyi üçün iclas təxirə salınıb.
Daha sonra Maşallah Əhmədovla digər zərərçəkmiş Sərxan arasında əlbəyaxa dava olub.
Proses dekabrın 2-də davam edəcək.
Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərdən 150 min manatdan artıq pul alaraq xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib, həmin şəxslərin də pulunu qaytarmayıb.
Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərara qəbul edib.
Hacı Zeynalov