28 Noyabr 2016 16:56
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün sonunda Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmə prosesində zərərçəkmiş, antik malların satışı ilə məşğul olan “Moda” mağazasının sahibi Əbil Vəzirovun dünyasını dəyişdiyi elan olunub.

Teleqraf.com xəbər verir ki, daha sonra həmin epizod üzrə şahid Fuad Ələkbərov ifadə verib.

Şahid bildirib ki, Əbil Vəzirov ondan sağ ikən 35 min manat pul alıb, MTN-ə verib. Əbil Vəzirovun hüquqi varisi Şərəf Vəzirovadır. O, xəstə olduğu üçün məhkəməyə gəlməyib.

İttiham aktında qeyd edilib ki, Əbil Vəzirov Akif Çovdarovun göstərişi ilə 2009-cu il oktyabrın 17-də tutularaq Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına gətirilib. Orada Əbil Vəzirova hədə-qorxu gələrək Mişa adlı şəxsə qanunsuz antikvar əşya satdığı barədə etiraf tələb olunub. Onu təxminən 10 saatdan artıq saxlanıb.
Əbil Vəzirovdan 200 min ABŞ dolları gətirməyini istəyiblər, əks halda onu da Mişa kimi həbs eləməklə hədələyiblər.

Razılığa əsasən, Əbil Vəzirov ümumilikdə 80 min ABŞ dolları məbləğində pulu gətirib şəxsən Akif Çovdarova MTN-də verib.

Proses noyabrın 30-da davam edəcək.

***

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi şahid ifadələri ilə davam edir.

Teleqraf.com xəbər verir ki, məhkəmədə şahid qismində dindirilən Taryel Əliyev bildirib ki, 2007-ci ildə sonradan tanıdığı Şahmar Qurbanovun Bakı şəhəri, Səməd Vurğun küçəsində yerləşən “yaşıl bina” adı ilə tanınan 22 mərtəbəli binanın 2-ci mərtəbəsində mənzil satdığını eşidib.

Onun sözlərinə görə, həmin mənzili almaq üçün Şahmar Qurbanova müraciət edib: “Qayınanam Sevil Talıbovanın adına Şahmar Qurbanovdan 150.000 ABŞ dollar qiymətinə mənzil aldım. Şahmar Qurbanov mənzildən çıxmaq üçün məndən 1 ay möhlət istədi. Həmin 1 ay müddətində münasibətlərimiz yaxınlaşdı.

Bu müddətdə Şahmar Qurbanov ona problemlərindən danışaraq həmin mənzili MTN əməkdaşlarının ondan istədikləri və külli miqdarda pulu verə bilməsi üçün satdığını söylədi. Amma ondan pul istəyən şəxsin konkret kim olduğunu demədi”.

Şahid əlavə edib ki, Şahmar Qurbanov ondan MTN-ə vermək üçün borca 10.000 ABŞ dollar pul istəyib: “Mən də 3 ay qaytarmaq şərti ilə ona 10.000 ABŞ dolları verdim.

Proses davam edir.

***

*Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi proses saat 11:00-a təyin edilsə də adəti üzrə 1 saat gec başlayıb.

Məhkəmədə Akif Çovdafovun vəkili Şahin Rəfiyev vəsatətlə çıxış edib. O, Çovdarovun səhhətinin ağır olduğunu və bunun üçün ekspertiza təyin edilməsini istəyib. Vəsatət baxılmamış saxlanılıb.

Məhkəmə prosesi zərərçəkmiş Şahmar Qurbanovun epizodu üzrə davam etdirilir.

Şahmar Qurbanov qızıl-brilyant satışı ilə məşğul olub. O, Akif Çovdarov tərəfindən hədə-qorxu gəlinərək 500 min dollar nağd pulunun və 380 min dollar dəyərində brilyantının alındığını deyir. Akif Çovdarov deyilənləri qəbul etmir.

İttihama görə, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərəraçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbs qoyulub.

***

Akif Çovdarovun vəkili Kamandar Nəsibov jurnalistlərə bildirib ki, prosüesdə şahid qismində Taryel Əliyev dindirilib.

O, zərərəçəkmiş Şahmar Qurbanovun ondan 10 min manat pul aldığını, pulu qaytarmadığını deyib.

Hazırda proses davam edir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər