Lənkəranda bir neçə gün əvvəl baş verən qətlin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Lənkəran şəhər polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də rayon sakinləri Aydın Allahverdiyevi və arvadı Azadəni taxta parçası ilə qətlə yetirməkdə şübhəli bilinən həmyerlisi Fəqan Mikayılov tutulub.
Qətl hadisəsi şəhərin Şəhidlər xiyabanı-10 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1939-cu il təvəllüdlü Aydın Allahverdiyev və 1941-ci il doğumlu həyat yoldaşı Azadə Allahverdiyevanın meyiti tapılıb.
Araşdırmalar zamanı məlum olub ki, meyitləri tapılan ər-arvad qətlə yetirilib. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyinə əsasən, hər iki şəxsin bədənində və baş nahiyələrində xəsarətlər aşkarlanıb. Onların bu xəsarətlərdən öldüyü qənaətinə gəlinib. İstintaq araşdırması zamanı qətlin bəzi təfərrüatları məlum olub.
Prokurorluqdan verilən məlumata görə, ahıl ər-arvad evdə tək yaşayıblar. Onların iki övladı olub. Ailəli bir qız və bir oğlu Bakıda yaşayır.
Cinayəti törədən Fəqan Mikayılov istintaqa verdiyi ifadəsində hadisənin təfərrüatını açıqlayıb. Bildirib ki, qətlə yetirdiyi 77 yaşlı Aydın Allahverdiyev uzun illər ticarətlə məşğul olub. Mərhumun maddi vəziyyəti yaxşı olduğunu deyən Fəqan Mikayılov əlavə edib ki, onun sələmə pul verdiyini də bilib.
Şübhəli şəxsin sözlərinə görə, qətli 1000 manat üstündə törədib: “Gecə saatlarında evə daxil oldum, ev sahibi Azadə Allahverdiyeva ilə üz-üzə gəldim. Əlimdəki odun parçası ilə qadının baş nahiyəsinə zərbə endirdim. O biri otağa keçərək Aydın Allahverdiyevin yaxasından yapışdım və ondan 1000 manat verməsini tələb etdim. Ev sahibi qışqıraraq köməyə adam çağırmaq istədi. Onun da başına bir neçə güclü zərbə vuraraq hadisə yerindən uzaqlaşdım”.
Fəqan Mikayılov törətdiyi əməldən peşman olduğunu deyib.
Faktla bağlı Lənkəran şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov