Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi proses cinayət işinin 10-cu cildində olan sənədlərin elanı ilə davam edib.
Hakim sənədləri elan edəndən sonra Miryusif Mahmudovun vəkili bildirib ki, ekspertlərə meyitlərdən götürülmüş bio-materiallar təqdim olunmayıb: "Bio-materallara qan qurupları da aiddir. Amma belə materal ekspertə təqdim edilmədiyi üçün kimyəvi təhqiqatla bağlı verilən rəy düzgün deyil. Bunun nəzərə alınmasını xahiş edirik".
Miryusif Mahmudov11-ci cilddə yer alan istintaqa verdiyi ifadəsi ilə məhkəməyə verdiyi ifadəsinin elan olunmasını istəyib. Bildirib ki, həmin ifadəsi ilə məhkəmə ifadəsi eynidir.
Hakim deyib ki, hər iki ifadə eynidirsə, qanunvericilik onların elanına yol vermir: "İfadələr arasında ziddiyyətlər yoxdursa, dindirilmələrin elan olunması qanunvericiliyə uyğun deyil".
Sonra “Qlobal Stone” MMC-nin istesalat sexində poliüretanların hazırlanması qaydasına baxış protokolu elan edilib. Rəylərdən məlum olub ki, poliüretanların hazırlanmasına müdaxilə edilib.
Bu rəyi Miryusif Mahmudov və onun vəkili etirazla qarşılayıb. Miryusif Mahmudov bildirib ki, ittiham həddindən artıq şişirdilib: "İttihamda sexi zavod ediblər, şirkətin təsisçisi olduğum halda məni faktiki direktor kimi göstəriblər. 25 cildlik cinayət işində bir dənə də sübut yoxdur ki, mənim günahımı göstərsin. Bu qədər böhtan olmaz".
Daha sonra Miryusif Mahmudovun Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə 2016-cı ilin fevralında etdiyi müraciət elan olunub. Müraciətdə binanın yandırılması təxribat kimi göstərilib.
Miryusif Mahmudovun vəkili deyib ki, həmin sənəddə şahid Pərvin Kazımovun səsyazısı var. Vəkil həmin səsyazısının elan edilməsini istəyib.
Dövlət ittihamçısı Fərid Nağıyev deyib ki, səsyazısı qanuni deyil: "Əvvəlcə şəxsin səs yazısını qanuni olub-olmadığını sübutlayan sənədi elan etmək lazımdır. Bundan sonra səsyazısını elan etmək olar".
Hakimin sözlərinə görə, həmin şahidin səsyazısı işdə yoxdur. Vəkil vacib sənədlərin cinayət işindən çıxarıldını iddia edib.
Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva cinayətə cəlbetmə qərarında müdafəçinin imzasının olmadığını söyləyib. Hakim isə sənəddə imza olduğunu deyib. Nüşabə Ağayeva əlavə edib ki, onlara işlə tanış olmaq üçün sənədlər təqdim olunanda imza yox idi.
Daha sonra hadisə yerinə baxış protokolları elan edilib. Sənədlərdən görünür ki, baxış zamanı iki nəfər hal şahidi olub, ekspertlərsə baxışda iştirak etməyiblər. Vəkil İlhamə Həsənova bunu əsas gətirərək sənədin yolverilməz sübut kimi işdən xaric edilməsini istəyib.
Prosesdə hakim Əfqan Hacıyevlə Miryusif Mahmudovun vəkili mübahisə edib. Mübahisə işdəki bəzi sənədlərdə vəkilin imzasının olmamasından qaynaqlanıb.
Təqsirləndirilən Ədalət Rəcəbov deyib ki, Miryusif Mahmudovu Heydər məscidinin tikintusi zamanı tanıyıb. Onun sözlərinə görə, 2013-cü ildə binada tikinti işləri başa çatanda görüşüblər: "Mənim Miryusif Mahmudovla telefon danışıqlarım olmayıb".
Hakim Ədalət Rəcəbovun Miryusif Mahmudova göndərdiyi SMS və telefon danışıqlarını elan edib.
Miryusif Mahmudov deyib ki, Ədalət Rəcəbovla 2014-cü ildə tanışlaşıb: "Binəqədi rayonu ərazisində oğluma ev tikirdim. Kanalzasiya ilə bağlı problem yarandı. Buna görə Ədalət Rəcəbovla əlaqə saxladım. Telefon danışıqlarında səs yazısını ortaya qoyun, sonra deyin ki, biz əlbir olmuşuq. Öz işçilərimlə belə, telefonda işlə bağlı danışmamışam".
Proses dekabrın 1-də davam edəcək.
Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb. “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.
Hacı Zeynalov