Günün ikinci yarısında ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə şahid qismində polis əməkdaşı Şahin Həşimov dindirilib.
O, ötən il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisə ilə bağlı danışıb.
Həmin zaman təqsirləndirilən şəxslər – Taleh Bağırov, Abbas Hüseynov və Cabbar Cabbarov şahidin yalan danışdığını bildiriblər.
Daha sonra şahid vəkil Nemət Kərimlinin suallarını cavablandırıb. Bu zaman təqsirləndirilən şəxslərlə şahid arasında mübahisə yaranıb. Buna görə hakim Taleh Bağırov, Abbas Hüseynov və Cabbar Cabbarovun zaldan çıxarılması barədə qərar verib. Həmin şəxslər zaldan çıxarılıb.
Proses dekabrın 2-də davam edəcək.
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən Cabbar Cabbarov və Abbas Hüseynov məhkəmə zalında şüşə otağa salınmalarına etiraz edib.
Cabbar Cabarov hakimə şüşələrin çıxarılacağı ilə bağlı onlara verilən sözə əməl edilmədiyini bildirib.
Hakim isə məhkəmədə usta və mühəndis olmadığını deyib.
Daha sonra Fuad Qəhrəmanlı Göygöl rayonunda yaşayan Tacəddin adlı qohumunun həbs edildiyini söyləyib: "Polislər onun şəxsiyyət vəsiqəsindən unvanını götürüblər, sonra onu 30 sutkalıq həbs ediblər".
Hakim bildirib ki, elə bir fakt varsa, məhkəmənin sədrinə ərizə yazsınlar.
Prosesdə şahidlərin gəlmədiyi elan olunub. Proses günün ikinci yarısında davam edəcək.
Hacı Zeynalov