Qətl hadisəsi törətməkdə təqsirli bilinən İmişli rayon sakini, 1991-ci il təvəllüdlü Atdıxan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Atdıxan Zeynalov 5 yanvar 2015-ci il tarixdə, saat 18 radələrində İmişli şəhəri A.Şadlinski küçəsində rayonunun Yalavac kəndinə ayrılan yolda, üzərində “Kafe milli yeməklər” sözləri yazılmış tikilinin yanında həmkəndlisi Emin Yusubov ilə rastlaşıb.
Emin Yusubov sərxoş vəziyyətdə Atdıxan Zeynalovun üzünə baxaraq ünvansız şəkildə söyüşlər söyüb. O, Emin Yusubovun sərxoş olduğunu görüb və ona əhəmiyyət verməyərək yaxınlıqdakı bərbərxanaya girib.
Lakin Emin Yusubov həmin bərbərxanaya girib Atdıxan Zeynalovu söyüb. O, Emin Yusubovdan uzaqlaşmaq üçün bərbərxanadan çölə çıxıb. Emin Yusubov da bərbərxanadan çıxaraq onun yanına gəlib və qarşısında duraraq üstündə gəzdirdiyi bıçaqla ona izi bilinməyən xəsarətlər yetirib.
Bundan sonra da Emin onu biədəb formada söyərək təhqir etməyə davam edib. Emin Yusubovun bu hərəkətlərinə görə əsəbləşən Atdıxan Zeynalov fiziki qüvvə işlədərək bıçağı onun əlindən alıb.
Bundan sonra o, Emin Yusubovu qəsdən öldürmək qərarına gəlib. Bu məqsədilə Atdıxan Zeynalov onun üzərinə gedib və ələ keçirdiyi bıçaqla ona altı zərbə vurub. Emin Yusubov aldığı zərbələrdən hadisə yerində ölüb.
Atdıxan Zeynalov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Atdıxan Zeynalov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Atdıxan Zeynalov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib. Onun şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb.
Hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Atdıxan Zeynalovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 11 il 6 aya endirilib.
Bu qərardan narazı qalan prokurorluq kasasiya protesti verib. Prokurorluq protestində Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini istəyib.
Həmçinin Atdıxan Zeynalov kasasiya şikayəti verib və cəzasının daha da yüngülləşdirilməsini istəyib. Tərəflərin şikayəti baxılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, həm prokurorluğun, həm də təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib.
Hacı Zeynalov