Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Etibar Ələkbərovun cinayət işi üzrə proses başa çatıb.
Teleqraf.com xəbər verir ki, Etibar Ələkbərov qohumunun oğlu Fərid Əliyevin həbsdən azad edilməsi üçün dələduzluq edib. O, Fərid Əliyevi azadlığa buraxdıracağını deyərək atasından 10 min manat istəyib.
Fərid Əliyevin atası Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci sıra, ev 49 ünvanında Etibar Ələkbərova 10 min manat verib.
Lakin Etibar Ələkbərov vədinə əməl etməyərək, həmin pulu dələduzluq yolu ilə ələ keçirib.
Etibar Ələkbərov Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etibar Ələkbərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Etibar Ələkbərov apelyasiya şikayəti verib. O, məhkəmədən himayəsində iki uşağının olmasını, Qarabağ müharibəsi veteranı və 2-ci qrup əlil olmasını, həmçinin 20 ilə yaxın daxili işlər orqanlarında zabit kimi xidmət etməsini nəzərə alaraq ona daha yüngül cəza verilməsini istəyib.
Etibar Ələkbərov barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq edilməklə yeni qərar qəbul edilməsini xahiş edib.
Etibar Ələkbərovun şikayəti hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə araşdırılıb. Hakim heyəti Etibar Ələkbərovun apelyasiya şikayətini əsassız hesab edib. Buna görə də onun şikayəti təmin edilməyib.
Hacı Zeynalov