Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda 22 yaşlı qızı qətlə yetirməkdə təqsirli bilinən Vidadi Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Samir Əliyevin sədrlik etdiyi iclasda Vidadi Qarayev 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə bu il iyulun 2-də Bakı şəhər Nəsimi rayonunda, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində yerləşən yeraltı keçiddəki mağazada baş verib. 1961-ci il təvəllüdlü Vidadi Qarayev Tərtər rayon sakini olan tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Aslanlının boğazına bıçaqla vuraraq onu öldürüb.
Vidadi Qarayev ilkin ifadəsində bildirib ki, Gülpəri Aslanlı ilə bir müddət əvvəl tanış olub və aralarında münasibət yaranıb. O, tanışını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.
Vidadi Qarayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq silah gəzdirmək) maddələri ilə ittiham olunub.
Daha sonra ifadə verən Vidadi Qarayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qətlə yetirdiyi qadının evli olmasından xəbərsiz olduğunu bildirib: “Onu sevirdim. Bir neçə dəfə yanıma balaca uşaqla gəldi. Ancaq uşağın özünün olduğunu demədi. Mərhumun ailəli olduğundan xəbərsiz idim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Gülpəri Aslanlını qısqandığı üçün öldürüb: “O, tez-tez mağazaya gəlirdi. Onunla orada tanış olduq. Sonra telefonda danışmağa başladıq. Həmin mağazadan satdığım mallardan neçə dəfə bahalı hədiyyələr vermişəm. Gülpəri ilə bir neçə dəfə görüşdük. Daha sonra məni qısqandırdı. Buna görə onu öldürmək qərarına gəldim”.
O, qeyd edib ki, qətl hadisəsini törətməmişdən əvvəl mağazada Gülpəri ilə cinsi əlaqədə olub və sonra qətl hadisəsini törədib.
Hacı Zeynalov