10 Yanvar 2017 18:31
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq səhiyyə naziri Əli İnsanov barəsində yenidən seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə baş prokurorluğun təqdimatı təmin edilib.

Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Məhkəməsinin qərarı ilə Əli İnsanovun barəsində olan həbs müddəti daha 2 ay artırılıb.

Qeyd edək ki, ötən il oktyabrın 11-də Qaradağ rayon Məhkəməsi Əli İnsanovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Əli İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (atış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.

Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Bu cəzanın müddəti ötən il oktyabrın 20-də başa çatmalı idi.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər