Günün ikinci yarısında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com-un məlumatına görə, proses şahid qismində dindirilən Akif Çovdarovun sürücüsü, Dövlət Təhlükəsizliyi Xidmətinin Maddi texniki və sosial təminat idarəsinin nəqliyyat şöbəsinin əməliyyat sürücüsü, baş gizir Nurxan Atakişiyev ifadə verib.
O, bildirib ki, 2005-ci ildən Akif Çovdarovun sürücüsü vəzifəsində işləyib: “Akif Çovdarovun Masazır qəsəbəsi ərazisində istixana və balıqçılıq təsərrüfatı vardı. Bundan başqa, onun Kürdəmir rayonunda dostu Fəttahın işlətdiyi balıqçılıq təsərrüfatının da olduğunu bilmişəm. Həmin yerə dəfələrlə getmişəm və qonaqlıqlarda olmuşam. Akif Çovdarovun Badamdar qəsəbəsində yanaşı 3 villası, Novxanı kəndində bağ evi və “AF Center”də, sirkin yanında evi vardı. Onun özünü və ailəsini dəfələrlə həmin ünvanlara aparmışam”.
Şahidin sözlərinə görə, Biləcəri Bələdiyyəsinin sədri İlham Xəlilovu tanıyır, onunla normal münasibətləri olub: “İlham Xəlilovu Akif Çovdarov da tanıyıb, lakin onların münasibətlərinin hansı səviyyədə olmasını bilmirəm. Akif Çovdarovla İlham Xəlilov bir neçə dəfə görüşüblər. İlham Akif Çovdarovun Novxanıda yerləşən bağ evində də olub. İlham Xəlilovu daha çox Akif Çovdarovun dostu Adil Yaqubovun yanında görmüşəm”.
Digər şahid Adil Yaqubovun sözlərinə görə, 1969-cu ildən 2003-cü il fevral ayının 3-nə kimi Daxili İşlər Orqanlarında işləyib: “1996-cı ildən 2003-cü ilə kimi DİN-nin Nəqliyyatda Baş Polis İdarəsində şəxsiyyət əleyhinə cinayətkarlığa qarşı bölmə rəisi işləmişəm. 1997-ci ilin sonralarında Akif Çovdarov Nəqliyyatda Baş Polis İdarəsinin növbətçi hissəsində işə başlayandan Akif Çovdarovla münasibətim yaranıb. İlham Xəlilovu 1985-ci ildən 1993-cü ilə kimi Biləcəri Dəmiryolu polis şöbəsinin rəisi işləyərkən tanımışam. O, həmin vaxt Biləcəri qəsəbə icra nümayəndəsinin müavini işləyib”.
Adil Yaqubov qeyd edib ki, İlham Xəlilov 2005-2015-ci illər ərzində Biləcəri bələdiyyəsinin sədri olub: “2010-cu ildən Akif Çovdarovun arvadı İbadət Çovdarovaya məxsus “Bəhrə-2010” MMC-nin direktoru olmuşam. Həmin cəmiyyətin fəaliyyəti istixanalarda tərəvəz yetişdirməkdən ibarətdir. Qeyd olunan torpaq sahəsinin Akif Çovdarovun hər hansı qohumunun adına rəsmiləşdirilməsindən məlumatım yoxdur, İlham Xəlilovdan Akif Çovdarova torpaq sahəsi verməsini xahiş etməmişəm”.
Şahid bildirib ki, Binəqədi bələdiyyəsinin sədri Elman Salmanovu şəxsən tanımır: “2008-ci ildə Akif Çovdarovla çox nadir hallarda görüşürmüşəm. İlham Xəlilova Akif Çovdarovla əlaqə saxlaması üçün sonuncunun mobil nömrəsini verməmişəm. İlham Xəlilov 2014-cü ilin yaz aylarında “Zəli gölü”nə çirkab suların axıdılması üçün 5 hektar yer verməsi üçün “Bəhrə-2010” MMC-nin kassasından 20.000 manat alıb. Lakin İlham göldən 4 hektar yer verib. “Zəli gölü” adlanan ərazidə adına 10 hektar torpaq sahəsini sənədləşdirməsi üçün Akif Çovdarov İlham Xəlilova göstəriş verməyib. Akif Çovdarov İlham Xəlilova heç vaxt hədə-qorxu gəlməyib və ondan pul almayıb”.
Adil Yaqubovun sözlərinə görə, Akif Çovdarov 2-3 aydan bir istixanaya gəlib və işlərlə maraqlanıb: “Akif Çovdarov həbs olunandan 1 ay əvvəl İlham Xəlilov Elman Salmanovu mənim evimin yaxınlığına gətirdi və orada mənimlə görüşdürdü. İlham Xəlilov bildirdi ki, yadındadı, 2007-ci ildə səninlə MTN-ə gedib, Akif Çovdarova 90.000 manat, sonra isə 20.000 manat pul vermişik?
İlhama hirslənərək belə bir halın olmadığını, Akif Çovdarova mənim iştirakımla hər hansı məbləğdə pul verilmədiyini dedim. Həmin vaxtdan mütəmadi olaraq İlham mobil telefonuma zəng edib və yalvararaq Akif Çovdarovun hazırda həbsdə olduğundan yalan ifadə verməyimi xahiş edib. Lakin bundan imtina etmişəm”.
Proses yanvarın 16-da davam edəcək.
***
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə MTN-nin həbs edilmiş generalından zərərçəkmişlər sırasında Biləcəri bələdiyyəsinin sabiq sədri İlham Xəlilov və Binəqədi bələdiyyəsinin sabiq sədri Elman Salmanovun da adı göstərilib.
Hər iki şəxs Akif Çovdarovun həbsindən sonra hüquq-mühafizə orqanlarına müraciət edərək generaldan zərər çəkdiklərini deyiblər.
Bugünki prosesdə İlham Xəlilov ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. İlham Xəlilovun bildirdiyinə görə, 2008-ci ilin martında tanışı Adil Yaqubov ona xəbər çatdıb ki, general Çovdarovun yanına getməlidir.
İlham Xəlilov deyib ki, Adil Yaqubovun xəbərdarlığından sonra MTN-in inzibati binasına gedərək Akif Çovdarovla görüşüb. Qısa danışıqdan sonra ondan 100 min istənilib.
Binəqədi bələdiyyəsinin sədri Elman Salmanovdan isə 150 min gətirməsi tələb olunub. Akif Çovdarov bu ismarıcın Elman Salmanova onun çatdırmasını tapşırıb: "Akif Çovdarovunn göstərişini alan Elman Salmanov cəmi 90 min manat, mən isə 50 min manat düzəldə bildik. Həmin pulu götürüb, Rəsulzadə-Biləcəri yolunda (Rəsulzadə və Biləcəri qəsəbələri arasındakı yol nəzərdə tutulur - red.) Çovdarovun göndərdiyi adamlara verdim. Qalan 110 min manatı isə 1 ay sonra Adil Yaqubova çatdırdıq".
İlham Xəlilov ifadəsində göstərir ki, 2014-cü ilin sonlarında Çovdarov zəng vuraraq əmr edib ki, Masazırda, “Zəli gölü”nün yaxınlığında 10 hektar torpaq sahəsini Adil Yaqubovun adına sənədləşdirsin.
Bunlardan əlavə məndən 120 min də tələb oluduğunu deyən bələdiyyə sədri Akif Çovdarovdan “Sən generalı barmağına dolamısan? Deyəsən, məni yaxşı tanımırsan? Səni həbs edərəm, başına torba keçirdib podvala ataram” deyə təhdidlər də eşitdiyini söyləyib.
İstintaqda Bilcəri bələdiyyəsinin sədri ilə Akif Çovdarovu üzləşdiriblər. Bələdiyyə sədri bunları təkrar danışsa da, Akif Çovdarov təkzib edib.
Çovdarov iddia edib ki, ola bilsin, İlham Xəlilov onun adından istifadə etməklə Elman Salmanovdan pul alıb: “Hesab edirəm ki, bu elə belədir. Ümumiyyətlə, Elman Salmanov adlı şəxsin kim olduğunu, hansı vəzifədə işlədiyini bilmirəm. Əgər Elman Salmanovu çağırmaq lazım olsaydı, İlham Xəlilov vasitəsilə deyil, özüm çağırardım”.
Akif Çovdarov İlham Xəlilov vasitəsilə Elman Salmanov adlı şəxsdən 150 min dolları hədə-qorxu ilə tələb etməsi barədə ittihamı böhtan adlandırıb.
Akif Çovdarov deyib ki, Biləcəri qəsəbə bələdiyyəsinin sədri işləmiş İlham Xəlilovun özü dələduz adamdır: “İlham Xəlilov özü dələduz olduğundan, çoxlu borcu var. Bunun üçün də mənə böhtan atır və aldatdığı şəxslərdən vaxt udub səbəbkar kimi məni göstərir”.
Akif Çovdarov ifadəsində bildirib ki, Adil Yaqubov vasitəsilə İlham Xəlilovu MTN-ə çağırıb ona “3 ildir bələdiyyə sədr işləyirsən, 100 min gətir” sözünü deməyib: “İlham Xəlilov mənə böhtan atır. Onlardan pul almamışam. 2014-cü ildə Masazır qəsəbəsində “Zəli gölü” adlanan ərazidə Adil Yaqubovun adına 10 hektar torpaq sahəsinin sənədləşdirilməsini də tələb etməmişəm. Həmin ərazini Adil Yaqubov almaq istəyib. Bu məsələnin mənə heç bir aidiyyəti yoxdur.
İlham Adil Yaqubovdan pul alsa da, sonradan nə həmin torpaq sahəsini, nə də buna görə Adil Yaqubovdan aldığı pulu qaytarmayıb. Bütün bunları Adil Yaqubovdan eşitmişəm”.
Elman Salmanov isə ifadəsində bildirib ki, 150 min manat pulu Akif Çovdarova yox, İlham Xəlilova verib: "Pulu ona iki dəfəyə vermişəm. Əvvəlcə 60, sonra isə 90 min manat... Mən Akif Çovdarovu görməmişəm, tanımıram. Akif Çovdarovu burada məhkəmə zalında görmüşəm. Pulumu kim alıb, mən də ondan şikayətçiyəm".
Akif Çovdarovun vəkili Sadiq Rəsulov deyib ki, İlham Xəlilov məhkəmədə ziddiyyətli ifadələr verib: "Əvvəlcə deyirdi ki, Binəqədi bələdiyyəsinin sədri Elman Salmanova zəng edərək MTN-dən pul istənildiyini deyib. Amma məhkəmədə deyir ki, Elman da ona zəng edərək MTN-ə çağırıldığını, pul istənildiyini deyib. İlham Xəlilov MTN-də 4-cü mərtəbədə Çovdarova pul verdiyini dedi. Ancaq həmin vaxt Çovdarovun xidməti otağı 1-ci mərtəbədə olub.
İlham Xəlilov deyir ki, pulun qalan hissəsini Çovdarovun xidməti maşınında ona verib. Amma Çovdarovun həmin vaxt xidməti maşını olmayıb. Xəlilov istintaqda Çovdarov tərəfindən hədələndiyini, pul tələb edildiyini deyirdi. Amma məhkəmədə Adil Yaqubov tərəfindən hədələndiyini deyib.
Digər bələdiyyə sədri Elman Salmanov da məhkəmədə İlham Xəlilovu təkzib etdi. Elman dedi ki, İlham Xəlilov ona deyib ki, əgər 150 mini verməsə, onun başına torba keçirəcəklər. Yəni pulu Akif Çovdarov yox, İlham Xəlilov istəyib. Həm də Elman Salmanov dedi ki, ondan pul istəniləndə ağsaqqalı ilə danışmaq istədiyini, vaxt lazım olduğunu deyib".
Akif Çovdarov məhkəmədə Elman Salmanova belə cavab verib: "Sənin ağsaqqalını tanıyıram, münasibətimiz də var. Əgər belə bir şey olubsa, sənin ağsaqqalın niyə mənə zəng edib demirdi ki, Akif, Elmandan niyə pul istəyirsən? Bu deyilənlər yalandır".
Proses günün ikinci yarısında davam edəcək.
Cinayət işində adı keçən Adil Yaqubov Akif Çovdarov MTN-ə vəzifəyə gəlməmişdən polisdə onunla bir yerdə işləyib, sonradan pensiyaya çıxıb. Sonuncu işi isə Çovdarovun Masazırdakı istixanasını idarə etmək olub.
O, 2010-cu ildən Çovdarovun arvadı İbadət Çovdarovaya məxsus“Bəhrə-2010” MMC-nin direktorudur.
Hacı Zeynalov