7 İyul 2014 16:19
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində üç dayısını öldürməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Abbasovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, bu ilin fevralın 7-də 23 yaşlı Əsgəralı Abbasov Sumqayıt şəhəri, Corat bağlarında dayıları – 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq od vurub. Nəticədə onların üçü də tüstüdən boğularaq ölüb.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb. Əsgəralı Abbasovun dayıları arasında şəxsi münasibətlər zəminində baş verən münaqişə səbəb olub. Polis tərəfindən saxlanılan Əsgəralı Abbasov ilkin ifadəsində qeyd edib ki, dayıları tərəfindən tez-tez təhqir olunurmuş. O, hadisə baş verməzdən əvvəl də dayıları tərəfindən təhqir edildiyini, anasının və atasının ünvanına nalayiq ifadələr səsləndirildiyini qeyd edib. Təhqirlərə dözə bilməyən Əsgəralı Abbasov dayılarını öldürməyə qərar verdiyini açıqlayıb.

Əsgəralı Abbasov Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə ittiham edilir. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Əsgəralı Abbasova hökm oxunub.

Məhkəmənin hökmü ilə Əsgəralı Abbasov ömürlük azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: