12 Yanvar 2017 10:55
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayonunda qardaşını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən Azad Rəşidzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Azad Rəşidzadənin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Günay Hacıyeva müdafiə çıxışı edib. O, müvəkkilinin günahsız olduğunu, dövlət ittihamçısının istədiyi cəza ilə razılaşmadığını bildirib. Vəkil məhkəmədən ədalətli cəza təyin edilməsini istəyib.

Proses yanvarın 19-da davam edəcək.

İttihama görə, 1971-ci il təvəllüdlü Şamaxı rayon sakini Azad Rəşidzadə ailə münaqişəsi zəminində ov tüfəngi ilə 1967-ci il təvəllüdlü qardaşı Azər Rəşidovu güllələyib. Ağır xəsarətlər alan Azad Rəşidov hadisə yerində dünyasını dəyişib.

Bundan başqa, hadisə zamanı Azad Rəşidzadə onun qarşısını kəsən öz həyat yoldaşı, 1982-ci il təvəllüdlü Möminə İbadovaya da atəş açıb. Güllə qadının qolunu yaralayıb. Möminə İbadova Şamaxı rayon Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən Azad Rəşidzadə isə polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham olunur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər