Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi İbtidai istintaq idarəsinin 2-ci şöbə rəisi Vüsal Ələkbərov hədə-qoru yolu ilə iş adamı Elşən Mədətovun 250.000 ABŞ dollarını ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Vüsal Ələkbərovun Bakı Hərbi Məhkəməsinə göndərilən cinayət işində qeyd olunub.
Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Elşən Mədətov bildirib ki, 2007-ci ildə “Texnikabank” ASC-nin “Bakı” filialına müqavilə bağlamaqla öz adına illik 12 faizlə 623.000 avro əmanət qoyub: “Faizləri ilk aylarda aldım, 2008-ci ilin iyun-iyul aylarında isə faizlər gecikdirildi. 2008-ci ilin avqustunda Fransaya istirahətə getdim, qayıdanda filial müdiri Zal Yusifovun həbs olunduğunu bildim”.
Elşən Mədətovun sözlərinə görə, həmin il oktyabr ayının əvvəllərində MTN-in istintaq baş idarəsinin Vüsal Ələkbərov adlı şöbə rəisi mobil nömrəsinə zəng edərək, onu MTN-ə çağırıb: "Növbəti gün səhər saatlarında MTN-ə getdim. Əsas giriş qapısında qeydiyyata alınaraq tanımadığım əsgər məni MTN-nin inzibati binasının başında olan dəmir qapıdan içəri ötürdü.
İçəridə məni mülki geyimli şəxs qarşıladı və məni liftlə 4-cü və ya 5-ci mərtəbəyə qaldırdı. Orada boş otağa daxil olduq. Orada 5 saata yaxın tək oturduqdan sonra məni gətirən şəxs qapısının önündə “şöbə rəisi Vüsal Ələkbərov” yazılmış otağa gətirdi. Özünü MTN-nin istintaq baş idarəsinin şöbə rəisi kimi təqdim edən şəxs mənimlə söhbət etdi.
Dedi ki, sən banka əmanət kimi pul qoymusan, mütəşəkkil cinayətkar dəstəyə qoşularaq bank müdiri Zal Yusifovla bankı talamısız, ona görə də MTN-nin rəhbərliyinə 300.000 dollar pul verməlisən, yoxsa səni də Zal Yusifovla eyni ittihamla tutacağır.
Vüsal Ələkbərov bu hədələrinə cavab olaraq dedim ki, banka qanuni yolla pul qoymuşam. Vüsal da “nə olsun ki, qanuni qaydada banka pul qoymusan? Banka əmanət kimi qoyduğun pulun bir hissəsini bizə verməlisən, rəhbərliyin tapşırığıdır” deyə məni həbs etməklə qorxutdu.
Mən də həbs olunamğımdan qorxaraq Vüsalla söhbət etdim, 100.000 dollara razı olmağı xahiş etdim. Həmin söhbətlər zamanı Vüsal otaqdan çıxaraq rəisi Mövlam Şıxəliyevin yanına getdi, məsləhətşərək qayıtdı və həmin məsləhətləşmələr əsasında da 100.000 dollara razılaşdı, məni ifadə almadan buraxdı”.
Elşən Mədətov qeyd edib ki, bundan sonra pul toplamağa başlayıb: “Özümdə 45.000 dollar vardı, qardaşım Kamal Mədətovdan 50.000, qayınatam Kələş Qafarovdan 5.000 dollar borc aldım. 15-20 gündən sonra, yəni 2008-ci ilin oktyabrın sonlarında, günün ikinci yarısında Vüsal Ələkbərova zəng etdim, pulun hazır olduğunu bildirdim.
Vüsal məni MTN-ə çağırdı. Mən də günün ikinci yarısında 100.000 dollar pulu sarı-ağ kağızdan olan kiçik zənbilə qoydum, üzərini də örtdüm. Özümə məxsus “Mercedes 600” markalı maşınla sürücüm Zahid Əliyev və qaynım Samit Qafarovla birlikdə MTN-ə getdik. Birinci dəfə olduğu kimi MTN-nin binasının giriş qapısında qeydiyyatdan keçdim və müşayiətlə Vüsal Ələkbərovun otağına getdim.
Kiçik zənbildə olan pulu təklikdə Vüsal Ələkbərova verdim. 10-15 dəqiqə otaqda Vüsalla söhbət etdikdən sonra MTN-dən çıxaraq evə qayıtdım”.
İş adamının ifadəsinə görə, 2008-ci ilin noyabr ayının əvvəllərində Vüsal Ələkbərov yenidən zəng edərək, onu MTN-ə çağırıb: “MTN-nin əsas giriş qapısında Vüsal “Toyota” markalı “CİP”lə dayanmışdı: “Mən onun maşınına əyləşdim. Vüsal “rəhbərlik deyir ki, sənin pulunu qaytarım, çünki sənin əleyhinə ifadə var, Zal və onun oğlu sənin barəndə ifadə veriblər ki, onlarla əlbir olub, bankın pulunu talıamısız, buna görə də ümumilikdə 300.000 ABŞ dolları verməlisən”, -deyərək mənə 15-20 gün vaxt verdi.
Həmçinin hədə-qorxu gəldi ki, bu söhbətləri başqa yerlərdə danışma, yoxsa uşaqlarını da ilişdirərik. Bu təhdidlərdən qorxaraq evdə olan bütün qızılları Mərkəzi Univermaqda və “Moskva” univermağında tanımadığım şəxslərə satdım.
Dostum Qaçar Əzimovdan 45.000, qayınatam Kələş Qafarovdan 15.000 dollar borc aldım və yenə də 100.000 dollar topladım. Noyabr ayının sonlarında Vüsal Ələkbərova zəng elədim, əvvəlki kimi sürücüm Zahid və qaynım Samitlə birlikdə MTN-ə getdim.
Saat 16 radələrində Vüsalın otağına qalxdım, 100.000 dollar toplaya bildiyimi deyərək yalvardım. Vüsal otağına gətirdiyim 100.000 dolları götürdü və rəhbərliyə məruzə edərək mənə bir söz deyəcəyini bildirdi. 2-3 gün sonra Vüsal zəng vurdu, xəbər verdi ki, “məruzə etdim, pulu tam çatdır, rəhbərlik razılaşmır”. 10 gün mənə vaxt verdi”.
Elşən Mədətov bildirib ki, dostu Qaçarın vasitəsi ilə hazırda adını xatırlamadığı tanışından 20.000 dollar, yeznəsi Nəsrəddin Sultanovdan 30.000 dollar borc alıb: “Dekabr ayının əvvəllərində Vüsal Ələkbərova zəng etdim. Ona dedim ki, cəmi 50.000 dollar pul topalamışam, daha heç yerdən pul tapa bilmirəm, istəyirsən məni tut, pulumu qaytar, istəyirsən düzəltdiyim 50.000 dolları qəbul et. Vüsal rəhbərliyə məruzə edərək mənə xəbər verəcəyini bildirdi.
Vüsal Ələkbərov təqribən bir saat sonra zəng edərək muştuluq verərək: “Təbrik edirəm, rəhbərlik razılaşdı” deyə bildirdi”.
Elşən Mədətovun sözlərinə görə, növbəti günlərin birində saat 19 radələrində Vüsalın tapşırığı ilə, onun yaşadığıYasamal bazarından bir qədər irəlidə olan binanın qarşısına avtomaşınında sürücüsü Zahid və qaynı Samitlə birlikdə gedib: “Orada 50.000 dollar məbləğində pulu rəngli sellofan torbaya bükdüm və Vüsala zəng etdim. Az sonra ora gələn Vüsala torbanı verdim. Növbəti vaxtlarda isə özümə məxsus Şirvan şəhərində yerləşən “Qulu” restoranını, həmçinin Sabirabad rayonunun Həşimxanlı kəndində yerləşən dəyrmanı sataraq borclarımı qaytardım.
Beləliklə, Vüsal Ələkbərov tərəfindən hədə-qorxu gəlinməklə məndən 250.000 ABŞ dolları alındı, tutulmağımdan qorxduğum üçün bu pulları ona verdim, bacanağım Mehrac Qurbanovdan da eyni qaydada hədə-qorxu gəlinməklə külli miqdarda pul alınıb. Mehrac borca düşüb, öz fermasında olan 200-300 baş mal-qaranı və evini sataraq borclarını qaytarıb”.
Cinayət işində olan sənədlərdən görünür ki, Samit Qafarov təqdim olunan fotoşəkillər arasında Vüsal Ələkbərovu tanıyıb, 2008-ci ildə Elşən Mədətovdan Yasamal bazarının yaxınlığında 50.000 dollar aldığını göstərib.
Şahid qismində ifadə verən Samit Qafarov bildirib ki, Vüsala pulu verəndə Elşən Mədətov çox pis vəziyyətə düşüb, aldığı borcları necə qaytaracağını düşünüb.
Bu epizod üzrə ifadə verən şahid Nəsrəddin Sultanov bildirib ki, 2007-ci ildə “Texnikabank” ASC-nin “Bakı” filialına həyat yoldaşı Kəmalə Sultanovanın adına müqavilə bağlamaqla illik 12 faizə 161.000 manat əmanət qoyub: “2009-cu ilin əvvəllərində “Texnikabank” ASC-nin vəzifəli şəxsləri barəsində MTN-nin istintaq baş idarəsində şöbə rəisi Vüsal Ələkbərov məni və həyat yoldaşım Kəmaləni çağıraraq şahid qismində dindirdi. Orada ifadə verərək, bankdan pulun qaytarılmasını tələb etdik.
Filialda əmanəti olan qaynım Elşən Mədətovu da Vüsal Ələkbərov həmin iş üzrə bir neçə dəfə MTN-nin baş istintaq idarəsinə çağırıb. Elşən Mədətovun deməsinə görə, Vüsal Ələkbərov ondan 250.000 dollar tələb edib. Bununla əlaqədar məndən də 30.000 manat borc alaraq Vüsal Ələkbərova çatdıracağını bildirən Elşən Mədətov həbs olunacağından bərk qorxub. Buna görə də Vüsalın tələbi ilə razılaşmalı olub”.
Vüsal Ələkbərovun sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elşən Mədətovdan 250.000 dollar alması işdə olan şahid ifadələri və sənədlərlə tam sübuta yetirilir.
Bu iş üzrə də təqsirləndirilən Vüsal Ələkbərov özünü müdafiə xarakterli ifadə verərək bildirib ki, “Texnikabank” ASC-nin “Bakı” filialının müdiri Zal Yusifovun və digərlərinin mənimsəmə, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktlarına dair ibtidai istintaqı aparılan cinayət işi üzrə istintaq qrupunun rəhbəri olub: “Həmin cinayət işi üzrə Elşən Mədətov əmanət müqaviləsi bağlamaqla filiala külli miqdarda pul depozitə yatırıb. Filial müdiri Zal Yusifov 100 nəfərdən artıq digər zərərçəkmiş şəxslər kimi Elşən Mədətovun da pulunu bankın balansına almayaraq talayıb.
İş üzrə Elşən Mədətov şahid qismində dindirilib, sonra isə zərərçəkmiş şəxs kimi tanınıb. İş məhkəməyə göndərilənə qədər Elşən Mədətov pulunu Zal Yusifovdan mülki iddia verərək tələb edib. Elşən Mədətovu Zal Yusifovla Hüseyn Səfərov tanış edib. Həmin şəxsin pullarını filiala depozitə qoyulmasının səbəbkarı Hüseyn Səfərovun özü olub. Elşən Mədətovdan heç vaxt pul istəməmişəm. Ondan hansısa məbləğdə pul almaq məqsədilə nə Mövlam Şıxəliyevdən, nə də başqasından məsləhət, göstəriş almamışam”.
Hacı Zeynalov