19 Yanvar 2017 13:41
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova və digərlərinin cinayət işi üzrə hazırlıq iclası davam edib.

Teleqraf.com-un məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, zərərçəkmişlər müəyyən edilib.

Daha sonra təqsirləndirilən Sübahir Qurbanovun müdafiəsinə daha iki vəkil - Azər Tağıyev və Zaur Niftəliyevin qoşulduğu müəyyən edilib. Həmin vəkillər işlə tanışlıq üçün vaxt istəyiblər. Füzuli Əliyevin də vəkili işə yeni qoşulduğunu deyib və cinayət işi ilə tanış olmaq üçün vaxt istəyib.

Vəkillər jirnalistlərə bildiriblər ki, təqsirləndirilən şəxslərin səhhəti normaldır.

Sübahir Qurbanovun vəkili İlkin Mustafayevin sözlərinə görə, müdafiə etdiyi şəxsin belində yırtıq var, əməliyyat olunmalııdr: "Bununla bağlı məhkəməyə müraciət etmişəm. Bildiriblər ki, xəstəliklə bağlı Ədliyyə Nazirliyi məktub verməlidir".

Hazırlıq iclasının davamı fevralın 14-dək təxirə salınıb.

***

Bu gün Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrlik etdiyi kollegiyada araşdırılır.

Cinayət işi üzrə hazırlıq iclası Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub. Bu, Bakı Hərbi Məhkəməsində geniş iclas zalının olmaması ilə əsaslandırılır.

Artiq prosesə zamində olan Natavan Mürvətova və həbsdə olan digər generallar gətirilib. Proses başlayıb.

Mətbuat nümayəndələri prosesə buraxılmayıb.

Təqsirləndirilən şəxslərin vəkilləri məhkəmə binasının qarşısında açıqlama veriblər. Onlar bildiriblər ki, prosesin açıq keçirilməsi və mərbuat nümayəndələrinin prosesə buraxılması barədə vəsatət verəcəklər.

Sabunuçu rayon Məhkəməsinin qapısında dayanan polis bildirib ki, posta prosesə buraxılan tərəflərin ad və soyadlarından ibarət siyahı təqdim olunub: "Siyahıda jurnalistlərin adları qeyd olunmayıb. Buna görə də jurnalistləri zala buraxa bilmərik. Məhmənin daxili qaydalarına görə xüsusi icazə olmadan jurnalistlər məhkəmə binasına buraxılmır".

Qeyd olunub ki, zalda 163 nəfərdən çox adam var. Bu səbəbdən zala zərərçəkmişlərin bir çoxunu, həmçinin təqsirləndirilən çəxslərin qohumlarınında əksəriyyətini buraxmayıblar.

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.

Zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bu cinayət işi də məhkəmənin sədri Həbib Həsənovun icraatında araşdırılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər