Bakı Apelyasiya Məhkəməsində müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, general-leytenant Rail Rzayevin qətlindən sonra həbs olunan köməkçisi Aydın Rəfiyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin 2 noyabr 2010-cu il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən Aydın Rəfiyev vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə vəsatətlə müraciət edib.
Vəsatətə Qaradağ rayon Məhkəməsində baxılıb. Sözügedən məhkəmənin 9 iyun 2016-cı il tarixli qərarı ilə Aydın Rəfiyevin vəsatəti təmin edilib. Onun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı qərar elan edilib.
Məhkəmənin qərarından dövlət ittihamçısı Rauf Əsgərov narazı qalıb və apelyasiya protesti verib. Protest baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, prokurorun apelyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Rail Rzayevin həbsdə olan yavəri Anar Haşımov 7 il, köməkçisi Aydın Rəfiyev 9 il, onun oğlu Anar Rəfiyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, Rail Rzayevin köməkçisi Aydın Rəfiyev və yavəri Anar Haşımov 2009-cu il fevralın 11-də Rail Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.
Aydın Rəfiyev oğlu Anar Rəfiyevlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu ilin mart ayında general Rail Rzayevin oğlu Qurban Rzayevin tapşırığı ilə onun şəxsi sürücüsü Bəxtiyar Ələsgərov tərəfindən Müdafiə Nazirliyinə qaytarılması üçün etibar edilərək ona verilmiş Rail Rzayevə məxsus 41 manat 37 qəpik dəyərində “general-leytenant” poqonlarına malik 1 ədəd hərbi qış gödəkcəsi, dövlət mülkiyyəti olan generalın xidməti avtomobilinə təhkim olunmuş 18 manat dəyərində 10-00 HM hərbi nömrə nişanını nazirliyə qaytarmadan Anar Rəfiyevə məxsus “Mitsubishi-Pajero” markalı, 10 OR 323 dövlət nömrə nişanlı avtomaşında 16 aprel 2009-cu il tarixinədək saxlamaqla, ona etibar edilmiş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talayıblar.
Bundan əlavə, Anar Rəfiyevin əməkdaşlıq etdiyi “Aztol Telekom” MMC-də satış üzrə menecer vəzifəsində çalışdığı müddətdə şirkət rəhbərliyinin icazəsi və razılığı olmadan ona etibar edilmiş ümumi dəyəri 11 min 710 manat olan 18 ədəd mobil telefonu mənimsədiyi məlum olub.
Aydın Rəfiyev Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.2.1 (mənimsəmə və ya israf etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən edildikdə), 179.2.2 (mənimsəmə və ya israf etmə - təkrar törədildikdə), 179.2.3 (mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 299.3 (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma - bu əməllər sağlamlığa zərər vurmaqla, zor tətbiq etməklə törədildikdə), 311.3.1 (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 341.2.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bu əməllər bir qrup şəxs tərəfindən törədildikdə), 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bu əməllər ağır nəticələrə səbəb olduqda), Anar Haşımov 177.3.2, 341.2.1, 341.2.3-cü, Anar Rəfiyev isə 179.2.1, 179.2.2, 179.3.2 və 299.2-ci (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma - şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə, eksperti yalan rəy verməyə, habelə həmin şəxsləri ifadə verməkdən boyun qaçırmağa məcbur etmə, şantajla və ya onların yaxın qohumlarını öldürmək, sağlamlığa zərər vurmaq və ya əmlakını məhv etmək hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndiriliblər.
Hacı Zeynalov