Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin sabiq rəisi Vüsal Ələkbərovun 10 il ərzində aldığı əməkhaqqısı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Vüsal Ələkbərovun bu illər ərzində əməkhaqqı alması ilə bağlı arayışı Dövlət Təhlükəsizlik Xidməti Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərib.
Qeyd olunub ki, Vüsal Ələkbərov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində işlədiyi 2005-2015-ci illər ərzində əməkhaqqı ilə yanaşı maddi yardım, mükafat, məzuniyyət və müalicə müavinətləri də verilib.
Bu illər ərzində Vüsal Ələkbərova ümumilikdə verilən pul təminatı 157.813,83 manat təşkil edilib.
Qeyd edək ki, Vüsal Ələkbərovun üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat hesablanıb.
Vüsal Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilinə üzərinə həbs qoyulub.
Vüsal Ələkbərovun cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırılır. O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.
Vüsal Ələkbərovun zərərçəkmişlərə vurduğu ziyan 10 milyon manatdan çoxdur.
Hacı Zeynalov