Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs edilən vəzifəli şəxsləri siqaret qaçaqmalçılığı ilə məşğul olan şəxslərə qarşı da qanunsuz əməllər törədiblər.
Teleqraf.com xəbər verir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sahib Qurbanov bildirib ki, Zaur Əzimov, Amil Yusifov ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş siqaretlərin satışı ilə məşğul olublar: “2015-ci ilin yanvar ayında ləğv edilmiş MTN-nin Xəzər rayon idarəsində Amil Yusifova məxsus siqaretlərin saxlanmasından sonra sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması ilə bağlı danışıq aparmaq üçün həmin idarəyə getmişəm. Orada Heydər İslamov adlı MTN əməkdaşı ilə görüşmüşəm. Həmin vaxt Heydər İslamov mənim də cinayət məsuliyyətinə cəlb olunacağımı bildirərək 40.000 manat məbləğində pul tələb etdi. Mən də növbəti gün Heydər İslamova 40.000 ABŞ dolları məbləğində pul verdim. Bu hadisədən bir qədər sonra MTN-nin Xəzər rayon idarəsinin sabiq rəisi Rafiq Səfərov MTN-nin Binəqədi rayon idarəsinin rəisi vəzifəsinə, Heydər İslamov isə onun müavini vəzifəsinə təyin olundu”.
Zərərçəkmişin sözlərinə görə, 2015-ci ilin təxminən fevral ayında Rafiq Səfərovun rəhbərlik etdiyi əməliyyat tədbirləri nəticəsində Zaur Əzimovla Amil Yusifova məxsus 100 qutu siqaret məhsulları saxlanılaraq MTN-nin Binəqədi rayon idarəsinə aparılıb: “Bundan sonra həmin idarənin Heydər Hacıyev adlı əməkdaşı zəng vuraraq məndə olan 60 qutu siqareti də qısa müddət ərzində MTN-nin Binəqədi rayon idarəsinə gətirərək onlara təhvil verməyimi tələb etdi, əks təqdirdə həbs olunacağım ilə hədələdi. Bundan sonra özümdə olan siqaretlərdən 55 qutusunu apararaq MTN-nin Binəqədi rayon idarəsində onlara təhvil verdim”.
Sahib Qurbanov ifadəsinin sonunda 2011-ci il tarixdən etibarən işlətdiyi nömrəni qeyd edib və bildirib ki, həmin nömrə MTN əməkdaşları tərəfindən dinlənilib.
Digər zərərçəkmiş Zaur Əzimovun sözlərinə görə, Amil Yusifov ilə birlikdə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş siqaret məhsullarının satışı ilə məşğul olub: “2015-ci ilin təxminən fevral ayında ləğv edilmiş MTN-nin Binəqədi rayon İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri nəticəsində Amil Yusifov həbs edilib və nəticədə bizə məxsus 100 qutu siqaretin saxlanılaraq MTN-nin Binəqədi rayon idarəsinin həyətinə aparılıb. Bundan sonra özümün də həmin idarəyə dəvət olundum. Mənim və Amil Yusifovun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində 120.000 manat pul tələb olundu. Amil Yusifovun da həmin məbləğdə pulu tanışı vasitəsi ilə MTN-nin Binəqədi rayon idarəsinin vəzifəli şəxslərinə verdi”.
MTN-in Binəqədi rayon idarəsinin sabiq rəisi Rafiq Səfərov bildirib ki, MTN-nin rayon idarəsinin rəisi kimi müstəqil olararaq hər hansı şəxsə məxsus telefon danışıqlarının dinlənilməsi ilə bağlı tapşırıq vərəqi tərtib etməyə səlahiyyətinin olmayıb: “Ona görə də Sahib Qurbanova, Zaur Əzimova məxsus mobil telefon nömrələri üzrə danışıqların dinlənilməsi ilə əlaqədar MTN-nin Antiterror mərkəzi tərəfindən tapşırıq vərəqlərinin tərtib edilərək icraya yönləndirilməsi ilə bağlı təşəbbüs qaldırmışam. Bundan sonra da Sahib Qurbanov və Zaur Əzimova məxsus telefon nömrələri üzrə danışıqların dinlənilməsi ilə bağlı tapşırıq vərəqləri tərtib edilməklə Antiterror mərkəzinin sabiq rəisi Elçin Quliyev tərəfindən imzalanaraq icraya göndərilib”.
Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və digər şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilir.
Hacı Zeynalov