25 Yanvar 2017 16:45
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliiyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid qismində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həbsdə olan rəisi, general-mayor Sübahir Qurbanov ifadə verib.

Sübahir Qurbanov bildirib ki, bu işlə bağlı ona heç nə məlum deyil: "Vidadi Zeynalov hər ay mütəmadi olaraq mənə pul göndərməyib. Lakin bir neçə dəfə ondan ad günü və toy şənlikləri üçün hədiyyə tapmasını xahiş etmişəm. Həmin hədiyyələri mənə sürücüsü Ramil adlı şəxs gətirib və hədiyyələrin dəyərini ödəmişəm".

Vidadi Zeynalov bildirib ki, Sübahir Qurbanovu 1983-cü ildən tanıyır: "Rəhbərliklə bağlı Sübahir Qurbanovla sövdələşməm olmayıb. MTN-ə hər ay 50 min manat ayrılıb".

MTN-in Monitorinq Mərkəzinin həbsdə olan rəisi, general-mayor Teymur Quliyev məhkəmədə ifadə verib. O istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, Vidadi Zeynalovdan pul almayıb.

Vidadi Zeynalov da Teymur Quliyevin şəxsən özünə pul vermədiyini deyib. Amma bildirib ki, nazirin göstərişi ilə sürücüylə hər ay 50 min manat göndərib.

Teymur Quliyev ona pul çatmadığını bildirib: "Vidadi Zeynalov qonşum idi. Lazım olsaydı, pulu özüm götürərdim".

Teymur Quliyev isə ifadəsində Vidadi Zeynalovu 20-25 ildir tanıdığını, onunla müxtəlif məclislərdə görüşüb söhbət etdiyini, ondan nəsə tələb etmədiyini və almadığını deyib.

Daha sonra şahid qismində Elçin Ağayev ifadə verərək bildirib ki, "Aztelekom"un Qəbələ filialının baş mühasibi olub.

Şahid istintaq ifadəsini təsdiqləyib və bildirib ki, katirovka işləri formal aparılıb. Bu zaman hakim tərəflərin mövqeyini öyrənməyə çalışıb. Şahid zalı tərk etdikdə təqsirləndirilən Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev etiraz edib, deyib ki, şahidə sualları var. O, daha sonra hakimlə mübahisə edib və Vidadi Zeynalovun vəkili Ceyhun Yusifovun ünvanına xoşagəlməz ifadələr işlədib. Hakim Şahin Rəfiyevə xəbərdarlıq edib.

Şahin Rəfiyevin şahidə suallar verməsinə imkan yaradılıb. Sonra vəkil şahidin istintaq ifadəsinin elan edilməsini istəyib: "Şahidin ifadəsi elan olunandan sonra ona suallarım olacaq". Hakim şahidin istintaqa verdiyi ifadəsini elan edib. O, istintaqa dövlət tərəfindən görülən işlərlə bağlı ayrılan pulların hara xərcləndiyini göstərib. Şahid Oqtay Rüstəmova şəxsən pul verdiyini deyib.

Elçin Ağayev istintaqa verdiyi ifadəsini qismən təsdiqləyib. Onun sözlərinə görə, Məhəmməd Məmmədovla şəxsi münasibəti olmayıb, onu iclaslarda görüb.

Astara Telefon Qovşağın rəisi şahid Ələkbər Həmzəyevin sözlərinə görə, "Aztelekom"un aylrdığı pullara rayonda təmir işləri görülüb. Təmir nazir Əli Abbasovun rayona gəlməsi ilə bağlı aparılıb: "Nazirlikdən bir nümayəndə gəldi, bildirdi ki, təmir işlərini "Qafqaz S" İnşaat aparacaq. Həmin şirkətin kimə məxsus olduğunu bilməmişəm".

Daha sonra təqsirləndirilən Oqtay Rüstəmov şahidə suallar verib.

Şahid Qurban Rüstəmov bildirib ki, Qəbələ telefon qovşağında mühasib işləyib, təqsirləndirilən Oqtay Rüstəmovu tanıyıb: "Ona pul vermişəm, amma məbləği yadımda qalmayıb".

Oqtay Rüstəmov şahidi tanımadığını, ondan pul almadığını söyləyib: "Bu şəxsi mən təklikdə görməmişəm. Hamının yanında da ondan necə pul ala, sayıb götürə blərdim. Mümkün deyil..."

Şahid isə bildirib ki, Oqtay Rüstəmova pulu onun xidməti otağında verib.

Proses yanvarın 27-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər