“Ötən il cinayətlərin ağır və xüsusilə ağır növləri 2015-ci illə müqayisədə 1,8 faiz, qəsdən adam öldürmə və ona cəhdlər 13,4 faiz, quldurluqlar 21,8 faiz, soyğunçuluqlar 3,8 faiz, odlu silahla törədilən cinayətlər 37 faiz, ictimai yerlərdə baş verən cinayətlər 12,7 faiz, avtonəqliyyat vasitələrinin qaçırılması 17,5 faiz, yol-nəqliyyat hadisələri 9,6 faizi, qəzalarda ölənlərin sayı 15,1 faiz, yaralananların sayı isə 11,6 faiz azalıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün nazirlikdə keçirilən kollegiya iclasında bildirib. Nazir qeyd edib ki, əhalinin hər 100 min nəfərinə nisbətdə qəsdən sağlamlığa ağır zərər vurmalar 3,6 fakt, soyğunçuluqlar 3,3 fakt, oğurluqlar 73 fakt təşkil etməklə əksər Avropa dövlətləri ilə müqayisədə dəfələrlə azdır: “Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılması 3,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 3,6 faiz, onlardan soyğunçuluqların açılması 15,2 faiz, quldurluqların açılması 10,2 faiz, oğurluqların açılması 3,8 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 4,7 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilərək 323 cinayətin açılması təmin edilib”.
Hacı Zeynalov