Penitenasiar Xidmətin Müalicə Müəssisəsində ölüm hadisəsi qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, orada müalicə alan məhkum - 1964-cü il təvəllüdlü Əli Bayramov xəstəlikdən vəfat edib. Əli Bayramov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin 2015-ci ilin fevralında keçirdiyi əməliyyat nəticəsində həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Bayramov dəstənin digər üzvləri - Yusif Əliyev, Qara Cəfərov, Binnət Cəfərov, Ranət Əsgərov, Əli Bayramov, Loğman Muradov, Elnur Həsənov, Vasif Məmmədov və Oktay Mehdiyevlə birlikdə mühakimə olunub.
Məhkəmənin hökmü ilə Əli Bayramov 10 il, Qara Cəfərov 9 il, Binnət Cəfərov 9 il, Loğman Muradov 9 il, Elnur Həsənov 9 il, Ranət Əsgərov 9 il, Vasif Məmmədov 9 il, Yusif Əliyev 8 il 6 ay, Bayram Əzimov və Oktay Mehdiyev hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Cinayətin təşkilatçısı, əsas fiquru olan Zabil Mikayılov, onun qardaşı oğulları Elvin və Nicat Mikayılovlar barəsində isə axtarış elan edilib.
İttihama görə, Ukraynada yaşayan Zabil Mikayılov qardaşı oğlu Elvin Mikayılov, Yusif Əliyev və digərləri ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin Ukrayna ərazisində əldə edilməsini və Azərbaycana daşınmasını təşkil edib. Mütəşəkkil dəstə yaradan Z.Mikayılov yuxarıda adları çəkilən şəxsləri həmin dəstəyə cəlb edib. Onların arasında Z.Mikayılovun qardaşı oğulları ilə yanaşı, qaynı Elnur Həsənov, qohumları Binnət və Qara Cəfərov qardaşları da olub.
Z.Mikayılov dəstə üzvlərinin fəaliyyətlərini istiqamətləndirib, cinayətlərin törədilməsi prosesində meydana çıxan məsələlərlə əlaqədar göstərişlər verib, onlara rəhbərlik edib. 2015-ci ilin fevral ayında dəstə üzvlərindən biri, Əli Bayramov Ukraynadan ölkəmizə narkotik vasitələrin qanunsuz daşınmasında şübhəli bilinərək saxlanılıb. Məhz bundan sonra cinayətkar dəstənin digər üzvləri ifşa edilib. Onlardan ümumilikdə 24 kiloqram 500 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Hacı Zeynalov