Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Dünyamin Xəlilov "Azərbaycan Beynəlxalq Bank" ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın dostluq münasibətində olub.
Həmin şəxslər bir neçə cinayətin törədilməsi üçün "Səbail Mebel" ASC-nin baş direktoru Seyfulla Seyfullayev, "Aqora" MMC-nin direktoru Fərhad Əmiraslanov, "Kondor Qrup" MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə sabit cinayətkar qrup - mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən talayaraq mənimsəyib israf etməklə "Azərbaycan Beynəlxalq Bank"ına külli miqdarda ziyan vurublar.
Dünyamin Xəlilov Cahangir Hacıyev, Fərhad Əmiraslanov və qeyriləri ilə birlikdə bankın sabiq İdarə Heyəti sədrinin göstərişi ilə "Aqora" MMC yaradıb və fəaliyyətinə özü nəzarət edib. Həmin MMC-yə kreditlərin rəsimləşdirilməsinə dair Cahangir Hacıyev özü və digər şəxslər vasitəsi ilə qanunsuz göstərişlər verib.
Sabiq deputat qanunsuz göstərişləri icra edərək, öz növbəsində bu barədə Fərhad Əmiraslanova da qanunsuz tapşırıqlar verib.
Bundan sonra Fərhad Əmiraslanov "Aqora" MMC ilə ABŞ-da yerləşən "CARGİLL İNCORPORATED" şirkəti arasında, həmin şirkətdən 10402.38 ton qarğıdalı məhsullarının alınması və dəyərinin 365 gün müddətinə ödənilməsi barədə 13 aprel 2007-ci il tarixidə müqavilə imzalayaraq, "Azərbaycan Beynəlxalq Bank" ASC-nin Mərkəzi filialına təqdim təqdim edib. "CARGİLL İNCORPORATED" şirkətinin akkreditiv açılması haqqında ərizəsi əsasında "Aqora" MMC qeyd olunan filial ilə 1 milyon 999 min 999 ABŞ dolları məbləğində pula dair 24 aprel 2007-ci il tarixli, 1960 nömrəli kredit müqaviləsi bağlanılıb.
Lakin "CARGİLL İNCORPORATED" şirkəti ilə hər hansı mal mübadiləsi aparılmayaraq, akkreditiv açılması haqqında ərizədə və kredit müqaviləsində nəzərdə tutulan 1 milyon 999 min 999 ABŞ dolları məbləğində pulu 18 aprel 2008-ci il tarixdə "Azərbaycan Beynəlxalq Bank" ASC-nin Mərkəzi filialının aidiyyati əməkdaşı vasitəsi ilə həmin ABŞ şirkətinin Norveçin Oslo şəhərində yerləşən "SKANDİNAVİSKA ENSKİLDA BANKEN" bankında olan hesabına köçürülüb.
Bundan başqa, Dünyamin Xəlilov Cahangir Hacıyevin göstərişi əsasında, Fərhad Əmiraslanova qanunsuz tapşırıqlar verməsi nəticəsində, sonuncu "Aqora" MMC ilə İsveçrədə yerləşən "CARGİLL İNTERNATİONAL SA" şirkəti arasında həmin şirkətdən 9620.149 ton soya-paxla məhsullarının alınması və dəyərinin 365 gün müddətində ödənilməsi barədə 20 aprel 2007-ci il tarixli, GPS1926-X nömrəli müqavilə bağlanaraq, "Azərbaycan Beynəlxalq Bank" ASC-nin Mərkəzi filialına təqdim təqdim edib.
Həmin filialda iki şirkət arasında 3 milyon 299 min 999 ABŞ dolları məbləğində pula dair 26 aprel 2007-ci il tarixli, 1969 nömrəli kredititə imza atılıb.
Lakin "CARGİLL İNTERNATİONAL SA" şirkəti ilə hər hansı mal mübadiləsi aparılmayaraq, akkreditiv açılması haqqında ərizədə və kredit müqaviləsində nəzərdə tutulan 3 milyon 299 min 999 ABŞ dolları 21 aprel 2008-ci tarixdə "Azərbaycan Beynəlxalq Bank" ASC-nin Mərkəzi filialının aidiyyati əməkdaşı vasitəsi ilə həmin İsveçrə şirkətinin Fransanın Paris şəhərində yerləşən "NATİXİS" bankında olan hesabına köçürülüb.
Qeyd edək ki, 2015-ci ilin yayından "Azərbaycan Beynəlxalq Bank"ına kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı və digərləri saxlanılıb.
Dünyamin Xəlilov və digərləri ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər ötən ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Bu gün keçirilən prosesdə prokurorun çıxışından sonra təqsirləndirlən şəxslərə ifadə vermək təklif edilib.
Dünyamin Xəlilov və digər təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli bilmədiklərini deyiblər.
Sabiq deputat ona təklif edilən sərbəst çıxışdan imtina edib: "Mən hazırkı mərhələdə ifadə vermək istəmirəm".
Digər təqsirləndirilən Mansur Zeynalov "Azərqaztikinti" şirkətində hüquqşünas işlədiyini deyib: "2007-ci ildə Dünyamin Xəlilovun tapşırığı ilə mən və bir neçə şəxs yeni şirkət yaratdıq. Bizə dedilər ki, bu, normal prosedurdur, heç bir problem olmayacaq. Mən bilmədiyim müqavilələrə, ağ kağızlara qol çəkirdim. Bu şirkətə görə mənə heç nə vəd olunmamışdı, heç bir pul almamışam. Həm də idman təşkilatında işlədiyim üçün tez-tez xaricə gedirdim. Buna görə adıma açılan "Kongo Group" şirkəti ilə bağlı sənədlərə imza atmağa vaxt olmurdu.
Mənə dedilər ki, sən gəl, etibarnamə ver, qol çək, hər şeyi özümüz həll edək. Belə də etdim. Bir müddət sonra məni Vergilər Nazirliyinə çağırıb dedilər ki, şirkətlə bağlı cinayət işi açılıb. Mən onlara da dedim ki, həmin şirkətlə heç bir əlaqəm yoxdu, sadəcə formal olaraq direktor və təsisçi olmuşam. Bundan sonra bir neçə dəfə məni şirkətə çağırdılar, ora gedib imza atmaqdan imtina etdim. Buna görə də şirkəti başqa adamın adına keçirdilər".
Təqsirləndirilən Şakir Musayev "İnter Tekstil" ASC-nin İdarə Heyətinkn üzvü olub: "Mənim işçilərim Dünyamin Xəlilovun tapşırığı ilə Beynəlxalq Bankda kredit müqavilələrində qol çəkiblər. Mən Dünyamin müəllimi 2006-cı ildən, onun deputat olduğu vaxtdan tanıyıram. Dünyamin Xəlilov onda həm də "İnter Tekstil" şirkətinə rəhbərlik edirdi.
Dünyamin müəllim mənə zəng edib dedi ki, işçiləri bankın mərkəzi filialına göndərin. Layihələrlə bağlı kredit müqavilələrinə qol çəkəcəklər, kredit ödəniləcək. Mən də bunu baş mühasibə tapşırdım. Nə mən, nə də işçilər nə qədər kreditə qol çəkdiklərini bilmirdilər. Sadəcə istintaqda bildim ki, pullar "Səbail Mebel" şirkətinə köçürülüb.
Dünyamin müəllim bizim rəhbərimiz idi, onun tapşırıqlarını icra edirdik. Biz ona hesabat verirdik. Rəsmi şirkət rəhbərləri heç kimi idi".
Təqsirləndirilən Fərhad Əmiraslanov deyib ki, 2005-ci ildən "General construction" şirkətində departament rəhbəri işləyib: "2007-ci ildə Dünyamin müəllim dedi, sənin adına şirkət açırıq, maaşını da 100 manat artırıram, razılaşdım. Mənə deyilən bütün sənədlərə qol çəkirdim. İstintaqa çağırılanda bunlardan xəbərdar oldum".
"Səbail Mebel" şirkətinin direktoru Seyfulla Seyfullayev deyib ki, Dünyamin Xəlilov həmin şirkətin səhmlərini alıb: "Sonra mənə zəng edib ki, Beynəlxalq Bankın dəstəyi ilə dövlət əhəmiyyətli bina tikilir, kredit üçün qol çəkmək lazımdır. Mənim adıma bir neçə dəfəyə 10 milyon dollardan kredit götürüldü. Bir müddət sonra bankdan zəng edib dedilər ki, borcunuz yığılıb qalıb. Biz də şirkətin alqı-satqısını ləğv etdik".
Digər təqsirləndirilən Ruslan Əsgərov deyib ki, Dünyamin Xəlilovun işçisi olub, onun göstərişi ilə adına şirkət açılıb və deyilən sənədlərə qol çəkiv və əvəzində maaşına 100 manat əlavə olunub: "Kredit müqavilələrinə qol çəkmişdim. Şirkətin fəaliyyəti ilə bağlı heç nədən xəbərim yox idi. Rəhbərlikdən soruşdum, dedilər, sənin adına olan kreditlər bağlanıb".
Təqsirləndirilənlərdən biri, "Atəşgah" Dövlət Memarlıq Qoruğunun baş elmi işçisi Rauf Əliyev deyib ki, dostunun xahişi ilə bu işə qoşulub: "Dostum, "General Construction"un idarə heyətinin üzvü Camal mənə dedi ki, gəl sənin adına şirkət açaq, heç bir iş görməyəcəksən, sadəcə adın direktor olacaq, arada sənədlərə qol çəkəcəksən. Mən də razılaşdım, deyilənləri etdim.
Adıma "Sportline" şirkəti açıldı. Boş vərəqlərə qol çəkirdim. Sonra da dedilər, banka gedib qol çəkmək lazımdır, göstərdilər ki, bura qol çək, ora qol çək, mən də çəkdim. Heç kreditin məbləğini də bilmədim. Qalan məsələləri də istintaqda öyrəndim. Dünyamin Xəlilovi tanımırdım, heç adını da bilmirdim".
Məhkəmə prosesi martın 2-də davam edəcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov