Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliiyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Vidadi Zeynalovun vəkilləri ilə Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev mübahisə edib.
Daha sonra hakimlər zala gəlib. Hakim deyib ki, şahidlərin məhkəməyə gətirilməsi barədə qərar qəbul edilib, amma telefonlarına zəng çatmır.
Vidadi Zeynalov isə bildirib ki, sabiq nazir məhkəməyə gəlməyənə kimi danışmayacaq.
Hakim şahidlərin gəlmədiyini əsas gətirib və prosesin başqa vaxta keçirildiyini açıqlayıb.
Proses fevralın 8-də davam edəcək.
Hacı Zeynalov