Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Cəlilabad rayon sakini Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə prokuror ittiham aktını elan edilib.
Nuridə Kərimova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, həyat yoldaşı Vüqar Kərimovu öldürmək niyyəti olmayıb. Onun sözlərinə görə, əri ona işgəncə verib, tez-tez dalaşıblar: "Bir gün evə sərxoş gəldi. Biz mübahisə etdik, məni itələyib divara çırpdı və sonra stolu götürüb başıma vurmaq istəyəndə, bıçağı əlimə aldım. Onu qorxutmaq istədim. Amma qəfildən bıçaq onun sinə nahiyəsinə dəydi. Hadisə vaxtı özümdə olmamışam".
Hakim bildirib ki, təqsirləndirilən şəxsin ibtidai istintaqa ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət var. Nuridə Kərimova istintaqdakı ifadəsində Vüqar Kərimovu bıçaqla affekt vəziyyətində olarkən vurduğunu etiraf edib.
Daha sonra prosesdə iş üzrə məhkəməyə gəlməyən şahidlər haqqında məcburi gətirilmə qərarı verilib.
Proses fevralın 9-da davam edəcək.
İttihama görə, ötən il iyulun 23-də Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarət) meyiti evində tapılıb. Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən arvadı Nuridə tutulub.
Məlum olub ki, Vüqar Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyirmiş. 27 yaşlı qadın bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlir və ailəyə yaxşı baxmırmış.
İyulun 23-də növbəti dəfə evə içkili halda gələn Vüqarla Nuridə dalaşıb. Ərinin bıçaq götürüb onu öldürəcəyini görən qadın daha cəld tərpənərək özü bıçağı götürüb və ona zərbələr endirib.
Hadisədən dərhal sonra evə gələn qonşular təcili tibbi yardıma müraciət etsələr də, artıq gec olub. Cütlüyün 4 yaşlı qızı qalıb. Hadisə vaxtı azyaşlı ana babasının evində olub.
Hacı Zeynalov