Qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Fuad Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Fuad Əhmədov Gəncə şəhərində həmyerlisi Xaliq İsmayılovu bıçaqlayaraq öldürməyə cəhd edib. İddiaya görə, Fuad Əhmədov Xaliq İsmayılovun bacısına sataşıb və bu səbəbdən onların arasında yaranan mübahisə qanlı sonluqla nəticələnib.
Sevgi münasibətlərinin pozulması
2015-ci ilin yanvar ayında Fuad Əhmədov Xaliq İsmayılovun bacısı Könül ilə tanış olub, onunla münasibətləri yaranıb. Amma bir neçə ay keçəndən sonra Fuad Əhmədovla Könülün münasibətləri pozulub. Buna görə Fuad Könülü nalayiq sözlərlə söyüb, təhqir edib.
Bunu eşidən Könülün qardaşı Xaliq Fuada bir neçə dəfə xəbərdarlıq edib. Buna baxmayaraq Fuad Könüldən əl çəkməyib və qadının işlədiyi mağazanın qarşısına gələrək insanların gözü qarşısında onu təhqir edib. Bu, tərəflər arasında münasibətləri daha da gərginləşdirib.
Fuad 2016-ci ilin mayın 10-da, saat 20 radələrində Gəncə şəhəri, Nizami prospektində “Zabitlər evi”nin yaxınlığında yerləşən çayxanaya gedərkən təsadüfən Xaliq İsmayılovla rastlaşıb. Bu zaman Xaliq Fuaddan bacısından əl çəkməsini tələb edib. Orada onların arasında mübahisə baş verib. Xaliq ətrafda insanların olduğunu görüb və mübahisəni “Xan sarayı” adlanan şadlıq sarayının yanında davam etdirmək qərarına gəlib.
Arxadan vurulan zərbə
Şadlıq sarayı istiqamətinə gedərkən Xaliq Fuadı təhqir edib. Xaliq arxadan qəfil Fuadın başına yumuruq vurub. Fuad üzərində gəzdirdiyi ov bıçağı Xaliqə zərbələr endirib. İkinci parkın kənarından götürdüyü ağac parçası ilə Xaliq müqavimət göstərdiyindən sağ qala bilib. Hadisə yerinə gələn Gəncə polisi Xaliqi xəstəxanaya vaxtında çatdırdığından onun həyatını xilas etmək mümkün olub.
Fuad Əhmədov isə həbs edilib. O, Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə verən Fuad Əhmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, Könülü narahat etdiyi üçün valideynləri ondan Kəpəz rayon Polis İdarəsinə şikayət ediblər. Əməlimdə cinayət tərkibi olmadığı üçün işin icraatına xitam verildi. Həmin şikayət əsasında polis idarəsində araşdırma apararaq barəmdə inzibati qaydada cərimə cəzası təyin edildi. Lakin, aradan təxminən 10 ay keçəndən sonra, yəni 10 may 2016-cı il tarixdə, saat təxminən 19.30 radələrində “Zabitlər evi”nin sol tərəfində olarkən Xaliq İsmayılov məni yanına çağırdı. Xaliq İsmayılov nəyə görə onun bacısı barədə camaat arasında nalayiq sözlər işlətdiyimi soruşdu. Həmin vaxt aramızda mübahisə yarandı. Həmin vaxt Xaliq İsmayılov kənar bir yerə gedərək söhbəti davam etdirməyi təklif etdi. Daha sonra Xaliq İsmayılov guya mənim onun ailəsinə söyməyimdən əsəbləşdi, məni arxadan başımdan vurdu. Xaliq İsmayılovun məni vurmasından əsəbləşərək bıçaqla ona bir neçə zərbə vurmuşam”.
“Mənə dəymiş ziyanını ödənilməsini istəyirəm”
Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Xaliq İsmayılov bildirib ki, Fuad Əhmədov onun bacısı haqqında xoşagəlməz ifadələr işlədib: “Bu səbəbdən onunla mübahisə etmişəm. Fuad Əhmədovun yetirdiyi xəsarətlər nəticəsində hazırda müalicə olunuram, böyrəyimin birini itirmişəm. Bununla bağlı xeyli maddi ziyana düşmüşəm. Fuad Əhmədov tərəfindən mənə vurulmuş ziyanla bağlı heç bir kömək olunmayıb. Fuad Əhmədova hansı cəzanın verilməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxıram. Lakin mənə dəymiş ziyanını ödənilməsini istəyirəm”.
9 il 6 ay cəza
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Əhmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Fuad Əhmədov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Onun şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, Fuad Əhmədovun apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov