8 Fevral 2017 13:00
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliiyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi proses yenə də vaxtından gec başlayıb.

Buna səbəb Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyevin prosesə gec gəlməsi olub. Hakimlər və zala toplaşan digər şəxslər Şahin Rəfiyevi xeyli gözləyiblər.
Sonda hakimlər Şahin Rəfiyevi gözləmədən zala daxil olublar, şahidlərin dindirilməsi mərhələsi başlayıb.


Prosesdə Vergilər Nazirliyinin nümayəndəsi Nail Xəlilovun da iştirak etdiyi məlum olub. O, nazirliyin təqsirləndirilən şəxslərə qarşı verdiyi mülki iddiadan imtina etdiyini bildirib.

Nail Xəlilovun sözlərinə görə, “Rabitə Mülki Tikinti” MMC və “Təmir Təchizat Servis”in vergi ilə bağlı borcları yoxdur. “Təmir Təchizat Servis”in rəhbəri Bayram Vəliyevin vəkili deyib ki, şikayət yoxdur, Bayramı da azadlığa buraxın...

Şahid Vaqif Hacıyev bildirib ki, iki özəl MMC-si olub və “Aztelekom” MMC-nin keçirdiyi tenderləri udandan sonra pul vəsaitini təqsirləndirilən Oktay Rüstəmova verib. Oktay Rüstəmov ondan pul almadığını deyib: "İndi şahid burada belə deyir. Mən ad çəkmək istəmirəm. Şahidi 2007-ci ildən tanıyıram. Pulu kimə verib, qoy desin".

Vidadi Zeynalov bildirib ki, şahid Vaqif Hacıyev nazirin göstərişi ilə tenderlərdə iştirak edib:"Şahid əziyyət çəkirdi, danışa bilmirdi. Ona görə də mən burada onu əziyyətdən xilas edirəm".

Hakim bu zaman Vidadi Zeynalova təşəkkür edib: "Vidadi müəllim, çox sağ olun ki, şahidi bu əziyyətdən xilas etdi".

Daha sonra hakim bildirib ki, bir neçə şahidlə bağlı məhkəməyə ərizə daxil olub. Həmin ərizədən məlum olur ki, şahidlərdən biri ölkədən qaçıb, buna səbəb həyat yoldaşı ilə boşanması və aliment ödəməməsidir. Digər şahidlərdən biri vəfat edib, bir neçəsi isə xəstələnib və bu səbəbdən prosesə gələ bilmirlər.

Vidadi Zeynalov deyib ki, prosesdə daha ciddi məsələləri araşdırmaq lazımdır: "İttiham aktında yazılanları başa düşürəm, orada çoxlu qüsürlar var, həmin qüsurlu məsələləri araşdırmaq lazımdır. Burada həmin məsələləri araşdırmalıyıq".

Hakim isə Vidadi Zeynalova ifadə verməyi təklif edib. Vidadi Zeynalov isə cavabında deyib ki, işdə olan maliyyə epizodları araşdırılandan sonra ifadə verəcək: "Mən istəyirəm ki, maliyyə məsələləri ilə bağlı ekspertlər dindirilsin, sonra mən ifadə verəcəm".

Məhkəmədə Beytulla Hüseynovun müdafiəsinə yeni vəkilin qoşulduğu elan edilib.

Vəkil Beytulla Hüseynovdan rabitə sahəsində görülən işlərin niyə bir neçə MMC-yə tapşırıldığını soruşub.
Beytulla Hüseynov: "Rabitə spesifik sahədir. Bura hər kəsi buraxmaq olmaz. Bu sahədə məhdud sayda şirkət var. Elə kabellər var ki, dövlət əhəmiyyətlidir. İşlərin görülməsi üçün şəxslərin adları əvvəlcədən müəyyənləşdirilirdi, yoxlanılırdı. Çox az sayda MMC var ki, onlar rabitə sahəsində işlər görə bilər. Burada deyilir ki, tenderlər formal keçirilib, bəzi şirkətlərə şərait yaradılıb. Amma bu belə deyildi. Səbəb şirkət sayının məhdud olması idi".

İttiham aktında bəzi ziddiyyətlərin olduğunu qeyd edən Beytulla Hüseynovun vəkili bildirib ki, ittihamda yazılır ki, "Eurovision 2012" ərəfəsində ölkənin müxtəlif ərazilərində və Bayraq Meydanında görülən işlər ya tam yerinə yetirilməyib, ya da işlərə ayrılan vəsaitin məbləği şişirdilib.

Beytullah Hüseynov bildirib ki, qeyd edilən bütün işlər yerinə yetirilib: "İşlərin görülməməsi mümkün deyil. Bu, ölkə rəhbərliyinin göstərişi idi. Bayraq Meydanı ərazisində işlər tam şəkildə görülüb".

Sonra şahid qismində Zirəddin Kərimov ifadə verib. O, bildirib ki, binaların tikintisi ilə məşğul olub. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Proses fevralın 15-də davam edəcək.

Hacı Zeynalov


Müəllif: