8 Fevral 2017 18:44
1 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə bu gün günün ikinci yarısında davam edən prosesdə şahid Nofəl Qasımov vəkillərin sualların cavablandırıb.

Nofəl Qasımov bildirib ki, istintaqda verdiyi ifadə təhrif olunub. Onun sözlərinə görə, Akif Çovdarovu tanımayıb və onun kiməsə hədə-qorxu gəlməsini bilməyib.

Daha sonra iclasda “Texnikabank” ASC-nin Səbail rayon filialının keçmiş müdiri olmuş Elton Əliyev zərərçəkmiş şəxs qismində ifadə verib.

Elton Əliyev bildirib ki, atası Nəsib Əliyev “Badu Kubə” MTK və “Şahbulaq” MTK-nın təsisçisi, eləcə də “Yeni Yasamal” MTK-nın həmtəsisçisi olub: “2007-ci ildə Azərbaycan İqtisad Universitetinin maliyyə-kredit fakultəsini bitirmişəm. Universiteti qurtardıqdan sonra “Texnikabank”ın Səbail filialında müxtəlif vəzifələrdə işləmişəm. 2008-ci ilin sonlarından 2010-cu ilin sonlarınadək “Texnikabank”ın Səbail filialının müdiri vəzifəsində işləmişəm. 2010-cu ildən yaşamaq üçün Moskva şəhərinə getmişəm”.

Elton Əliyevin sözlərinə görə, 2013-cü ildə anası ona zəng edərək Suraxanı rayon polis idarəsi tərəfindən axtarıldığını bildirib: “Anam minim “Badu Kubə” MTK-nın inşa etdiyi Yeni Günəşli qəsəbəsinin V massivindəki yaşayış binasında olan mənzillərin təkrar satışında ittiham edildiyimi söylədi. 2015-ci ilin sentyabr ayının 2-də Moskva şəhərində hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq 8 aydan sonra Azərbaycana ekstradisiya edildim. Hazırda barəmdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılır”.

Elton Əliyev bildirib ki, 2007-ci ilin sentyabr ayında saat 11 radələrində o, metronun "Gənclik" stansiyasının yaxınlığında yerləşən Atatürk prospektindəki “Texnikabank”ın əsas filialının inzibati binasından iclasdan çıxarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Milli Təhlükəsizlik Nazirliyinə məxsus vəsiqələrini təqdim edib: “Nazirliyə getməli olduğumu dedilər. Həmin şəxslərin heç birinin əlamətlərini xatırlamıram, ancaq birinin kostyum geyindiyi, ucaboy və orta bədən quruluşlu olduğu yadımdadır.

Hansı səbəbdən onlarla getməli olduğumu soruşdum. Hər şeyin nazirlikdə araşdırılacağını bildirildilər. Bundan sonra kostyum geyinmiş ucaboy əməkdaşla “Range Rover” markalı avtomobilimə əyləşdim. Digər əməkdaş isə öz avtomobili ilə gələcəyini bildirdi, lakin həyəcanlı olduğumdan həmin əməkdaşın avtomobilinə fikir vermədim. Onların adlarını da xatırlamıram.

MTN-nin Parlament prospektindəki əsas binasının yaxınlığına çatdıqda əməkdaş mənə avtomobili nazirliyin nəzarət-buraxılış məntəqəsinin qarşısındakı şam ağaclarının olduğu yerdə saxlamağa göstəriş verdi. Orada çox sayda avtomobillərin olduğunu gördüm. Bundan sonra həmin şəxslə nəzarət-buraxılış məntəqəsinə yaxınlaşdıq və şəxsiyyət vəsiqəmi, mobil telefonumu təhvil verdim.

Nazirliyin əsas inzibati binasına gedərək köhnə liftlə xatırlamadığım mərtəbəyə qalxdım, liftdən çıxdıqdan sonra divanı olan geniş dəhlizə çıxdıq. Orada təxminən 5-10 dəqiqə gözlədik. Sonra məni gətirən kostyumlu əməkdaş harasa getdi, onu başqa əməkdaş əvəz edərək yanımda dayandı. Sonra məni masa və 3-4 ədəd stul olan otağa saldılar.

Məni həmin otaqda təxminən 8 saat saxladılar, bu vaxt ərzində mənimlə heç kim ünsiyyətdə olmadı. Hansı səbəbdən nazirliyə gətirildiyimi bilmədən bu qədər vaxt otaqda saxlamaqla məndə qorxu hissi yaratdılar. Həmin gün hava qaraldıqdan sonra otağa orta boylu əlamətlərini xatırlamadığı qolugödək köynək geyinmiş bir əməkdaş daxil oldu.

O özü ilə A4 formatlı kağız vərəq və diyircəkli qələm gətirdi. O, iş fəaliyyətimlə bağlı izahat almağa başladı”.

Elton Əliyev bildirib ki, təxminən saat 22 radələrindən sonra həmin əməkdaş atası ilə bağlı suallar verməyə başlayıb, onu həbs etməklə hədələyiblər: “Sonradan mənə məlum oldu ki, MTN əməkdaşları atamdan 500 min dollar istəyiblər. Atam da Akif Çovdarova 350 min dollar verib”.

Akif Çovdarov isə bildirib ki, həmin vaxt o, birinci mərtəbədə oturub və Antiterror Mərkəzində işləyib: “Həmin mərkəzin isə banklarla heç bir əlaqəsi olmayıb”.

Proses fevralın 13-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər