9 Fevral 2017 17:53
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesin əvvəlində zərərçəkmiş şəxs qismində tanınan iş adamı Nizami Kazımovun epizodu üzrə şahid qismində ifadə verən Şahin Hüseynov bildirib ki, Nizami Kazımovun kürəkəni Samirin dostu olub.

Onun sözlərinə görə, Çanaqqala restoranında Tahir Əbdülqasımov və onun oğlu ilə birlikdə olub: “Həmin vaxt Tahir müəllim dedi ki, Nizami Kazımovun həbsdən azad edilməsi üçün evdən pulu götürüb və MTN-ə aparmaq lazımdır. Biz birlikdə Həzi Aslanov qəsəbəsinə getdik. Evdən pulu götürüb MTN-ə yollandıq.

Orada telefonla danışanda həmin şəxs dedi ki, hamınız gəlməyin, təkcə Samir pulu gətirsin. Maşını MTN-dən 20 metr aralıda saxladıq. Samir pulu gptürərək MTN-nin qaoısına çıxan şəxsə verdi”.

Daha sonra iş adamı Hüseyn Səfərova qarşı edilən qanun pozuntuları ilə bağlı ittiham üzrə şahidlərin dindirilməsinə başlanıb. İlk olaraq şahid qismində Səhiyyə Nazirliyi Məhkəmə tibbi Ekspertiza və Anatomiya Elmi Təcrübə Tədrisi Birliyinin ekspertiza şöbəsinin rəisi Ziyafəddin Məmmədov ifadə verib.

O, Hüseyn Səfərovu 2008-ci ildə MTN-in istintaq təcridxanasında saxlanıldığı zaman müayinə etdiyini, xəstə olması ilə bağlı ekspertiza rəyi verdiyini, həmin ekspertiza rəyini təsdiqlədiyini deyib. Bildirib ki, rəy verən zaman ona hər hansı təzyiq və tapşırıq olmayıb.

Şahidin ifadəsinə zərərçəkmiş Hüseyn Səfərov belə arayış verib: “Keçmiş MTN elə zülümət yerdi ki, oranı xatırlamaq belə mümkün deyil. Mənim müayinədən keçməyim üçün MTN müraciət edib, həkimdən keçməyimlə bağlı mənim ərizə və ya müraciətim olmayıb. Həmin vaxt həkimlər məni Vüsal Ələkbərovun xidməti otağında müayinə ediblər”.

Daha sonra şahid qismində ifadə verən Vurğun Muradov bildirib ki, Bakı şəhəri Endokrinoloji Dispanserdə həkim işləyib. Onun sözlərinə görə, Hüseyn Səfərovu 8-9 il əvvəl müayinə edib: “Həmin vaxt onun şəkəri yüksək olub, boyun nahiyəsindəki damarda çapıq aşkar edilmişdi. Buna görə Hüseyn Səfərovun daim müayinə olunmasına ehtiyac olması barədə rəy vermişdik”.

Digər məhkəmə eksperti Rafiq Nuriyev bildirib ki, Hüseyn Səfərovun xəstə olması, onun həbsdə saxlanılmasının mümkün olmaması barədə rəy verib.

Vüsal Ələkbərov ekspertiza həkimlərinin ifadəsinə münasibət bildirib: “Məhkəmə tibbi ekspertizasının rəyində göstərildi ki, Hüseyn Səfərovun şəkərinin dərəcəsi yüksəkdir. Belə vəziyyətdə o, MTN-in təcridxanasında şoka düşə bilərdi, həyatı üçün təhlükə var idi. Buna görə də onun həbsdən azad edilməsinə barədə qərar qəbul etdik”.

Hüseyn Səfərov isə bildirib ki, həbs olunan zaman onun vəziyyəti daha ağır idi: “Həbs olunandan ilk günlər şəkərim yüksək idi. Daha sonra şəkərim aşağı olmalı idi. MTN-də mənə yağlı yemək verilmirdi, şəkərim də normasında olmalı idi. Vüsal Ələkbərov deyirdi ki, bizdə elə aparat var, şəkəri yüksək göstərir. Buna görə də mənim şəkərim yüksək göstərilib”.

Daha sonra şahid qismində ifadə verən Nizaməddin Məmmədov bildirib ki, zərərçəkmiş Hüseyn Səfərovla quda olub, 2008-ci ildə Hüseyn Səfərovun həbsdən azad edilməsi üçün pul yığılıb: “Mən də 150 min manat vermişəm. Bu günə kimi pulumu qaytarmağa Hüseynin imkanı olmayıb. O, mənə borclu qalıb”.

Şahid qismində ifadə verən İlham Məmmədovun sözlərinə görə, 2008-ci ildə dostu Hüseyn Səfərovun həyat yoldaşı Natiqə xanım onlara gəlib və ərinin həbsdən azad edilməsi üçün külli miqdarda pul tələb edildiyini bildirib: “Natiqə xanım bizim də onlara maddi cəhətdən köməklik göstərməsini istədi. Natiqə xanım gedəndən sonra fikirləşdim ki, Hüseynlə illərin dostu olmuşuq, onun həbsdən azad edilməsinə köməklik etmək lazımdır. Buna görə də 100 min dollar taparaq Natiqə xanıma verdim.

Hüseyn həbsdən çıxıb, bankdan kredit götürdü. Həbsdən azad edilməsi üçün külli miqdarda borca düşdü, bu gün də borcludur. Mənim də pulumu qaytarmağa imkanı yoxdur”.

İlham Məmmədov daha sonra ifadəsində qeyd edib ki, Hüseyn Səfərov “Texnikabank”ın Bakı filialına depozit pul qoyduğu üçün MTN tərəfindən həbs edilib: “Mən də həmin illərdə banka pul qoymuşdum. Amma sonradan pulumu həmin bankdan geri götürmüşdüm”.

Vüsal Ələkbərov qeyd edib ki, şahid İlham Məmmədovun banka qoyduğu pulunu geri qaytarması ilə bağlı istintaqını apardığı “Texnikabank”ın Bakı filialının vəzifəli şəxslərinin barəsində olan 613 saylı cinayət işində öz əksini tapıb.

Şahid qismində ifadə verən Azər Hüseynov bildirib ki, “Texnikabank”ın Bakı filialına 90 min manat depozit qoyub: “2008-ci ildə məni MTN-ə çağırdılar, Samir adlı müstəntiq məni dindirdi. Məndən tələb etdi ki, həmin pulu Hüseyn Səfərovun ailə üzvləri tərəfindən ödənilməsi barədə ərizə yazım. Mən də müstəntiqini dedi kimi ərizə yazdım. Sonra bir ay gözləsəm də, mənə pulumu qaytarmadılar. Qaynım vəkil idi, onun vasitəsi ilə MTN rəhbərliyinə müraciət etdim.

Sonra “Texnikabank” işində məni zərərçəkmiş şəxs qismində tanıdılar. Mən pulu Hüseyn Səfərova yox, Zal Yusifovun rəhbəri olduğu “Texnikabank”ın Bakı filialına qoymuşam. 2010-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə də belə demişəm. Onlara mənim MTN-də olan söhbətimi də danışmışam. Nə Hüseyn Səfərov, nə də onun ailə üzvləri məndən heç nə tələb etməyiblər, pulumun ödənilməsi ilə bağlı hər hansı vəd də verməyiblər. Belə izahat yazmağımı MTN-in Samir adlı müstəntiqi tələb edib”.


Prosesdə şahid qismində “Təzadlar” qəzetinin baş redaktoru Asif Məmmədov da ifadə verib. O bildirib ki, Hüseyn Səfərovla 2011-ci ildə ləğv edilmiş Azərbaycan Beynəlxalq Unversitetinin rekstoru Elşad Abdullayevin iş adamı Arzu Kazımovun barəsində verdiyi şikayətlərlə əlaqədar jurnalist araşdırması zamanı tanış olub: “Hüseyn Səfərovun 2014-2016-cı illərdə daxil olan şikayətləri, həmçinin onun iqtisadçi ekspert kimi müsahibələri qəzetdə dərc edilib. Bununla əlaqədar aramızda xoş münasibətlər yaranıb. Hüseyn Səfərovun MTN əməkdaşları barəsində Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını ilk dəfə özündən eşitmişəm”.


Asif Məmmədovun sözlərinə görə, Hüseyn Səfərov MTN-ə “Texnikabank”ın vəzifəli şəxsləri barəsində istintaq edilən cinayət işi üzrə ondan nazirliyin əməkdaşları Mövlam Şıxəliyev və Vüsal Ələkbərov tərəfindən 2 milyon dollar alındığını bildirib: “Həmçinin Hüseyn Səfərov dəfələrlə zəng edib, 2016-cı ilin mart ayının 27-də, saat 22 radələrində Nərimanov rayonunda “Şuşalılar” restoranını yanında adını unutduğum bir restoranda onunla görüşdük. Həmin vaxt ayrıca kabinetdə söhbət edən Hüseyn Səfərov pulunun MTN-in istintaq baş idarəsinin rəisi Mövlam Şıxəliyev və şöbə rəisi Vüsal Ələkbərov tərəfindən alınması barədə təfsilatı ilə danışdı.

Pulun özü həbsdə olarkən Vüsala oğlu tərəfindən verildiyini, Bakı istintaq təcridxanasında həbsdə olan Vüsal Ələkbərovla üzləşdirildiyini bildirdi. Mən bütün bu faktları qəzetdə dərc etdim. Bundan sonra Baş Prokurorluqdan mənə zəng edildi, bu iş üzrə ifadəmi aldılar”.

Asif Məmmədov daha sonra ifadəsində təqsirləndirilən Vüsal Ələkbərovu yaxşı tanıdğını, onun həbsdə saxlanmasını istəmədiyini deyib: “Vüsal Ələkbərov nüfuzlu bir qurumun rəhbəri olub. Onun həbsdə saxlanmasını arzu etmirəm, dəymiş ziyanı ödəsə, azadlığa çıxmasını arzulayıram. Vüsal Ələkbərov və Mövlam Şıxəliyevlə bağlı dəfələrlə qəzetimizdə silsilə yazılar gedib. Bundan sonra Mövlam Şıxəliyev və onun adamları bizim redaksiyaya müraciət ediblər.

Hətta Mövlam Şıxəliyev tərəfindən redaksiyamıza şantaj xarakterli mesaj da gəlib. Mesajın hədə-qorxu hissəsini çıxmaq şərti ilə qalan hissəni qəzetdə dərc etmişik. Mövlam Şıxəliyev mesajında Hüseyn Səfərovun yalan danışdığını deyib. Hiss edirdim ki, Mövlam Şıxəliyevin mesajında qorxu hissi var”.

Daha sonra hakimdən söz alan Vüsal Ələkbərov bildirib ki, şahid qismində ifadə verən Asif Məmmədovu yaxşı tanıyır: “Ona bir ziyalı kimi həmişə hörmətim olub, burada ifadə verir. Mənim də onun haqqında deyəcək çox sözüm var, amma demirəm. Nə demək istədiyimi Asif müəllimin özü yaxşı bilir”.

Asif Məmmədov isə Vüsal Ələkbərovdan onun haqqında bildiklərini söyləməsini istəyib: “Burada şifrəli danışır. Sabah da yazacaqlar ki, Asifin kiminləsə əlaqəsi olub. Nə lazımdır desin, hər kəs də bilsin. Gizli danışmaq nəyə lazımdır”.

Hakim də Vüsal Ələkbərovdan açıq danışmasının, şahid haqqında nə bildiyini söyləməsini tələb etsə də, Vüsal Ələkbərov susub və Asif Məmmədov haqqında açıq danışmaqdan imtina edib.

Bu zaman çıxış edən Hüseyn Səfərov bildirib ki, 2010-cu ildə Elşad Abdullayev tərəfindən videoya çəkilib: “Həmin video internetdə var. O vaxtı bildirmişəm ki, mənim 2 milyon dollarımı Mövlam Şıxəliyev Vüsal Ələkbərovun əli ilə alıb”.

Daha sonra zərərçəkmiş şəxs qismində tanınan iş adamı Elşən Mədətovun epizodu üzrə şahidlər dindirilib.


Elşən Mədətovun tələbə yoldaşı Qaçay Əzizov şahid qismində ifadə verərək bildirib ki, 2008-ci ildə Elşən Mədətovun MTN tərəfindən sıxışdırılması, ondan külli miqdarda pul tələb edilməsini eşidib: “Bütün bunları mənə Elşənin özü deyib. Ona maddi cəhətdən köməklik etməyimi də istədi. Mən də özümdə olan 45 min manatı, tanışım İlkindən aldığım 20 min manatı da götürərək, ona verdim. Sonradan eşitdim ki, Elşən həmin pulu həbs edilməməsi üçün MTN-nin vəzifəli şəxslərinə verib”.

Elşən Mədətovun sürücüsü Zahid Əliyev bildirib ki, 2008-ci ilin axırlarında Elşən Mədətovu bir neçə dəfə MTN-ə aparıb: “Oradan çıxanda hiss edirdim ki, Elşən müəllimin qanı qaradı. Maşında olanda harasa zəng edirdi, nəsə danışırdı. Onun danışıqlarından hiss edirdim ki, MTN-də ondan pul tələb edirlər, tez-tez də MTN-nin Vüsal adlı əməkdaşının adını çəkirdi. Amma mən ondan heç nə soruşmamışam, o da mənə heç nə deməyib”.

Zahid Əliyev ifadəsində daha sonra qeyd edib ki, MTN əməkdaşı Vüsal Ələkbərova pullar onun maşınında aparılıb. Onun sözlərinə görə, Elşən Mədətov bir dəfə pulu MTN-də, ikinci dəfə isə Yasamal rayonunda binaların arasında bir nəfərə verib: “Yasamal rayonunda pulun kimə verildiyini gördüm. İstintaq zamanı mənə təqdim olunan şəkillərdən həmin şəxsin MTN-nin şöbə rəisi olmuş Vüsal Ələkbərov olduğunu təsdiqlədim”.

Elşən Mədətov deyib ki, o zaman MTN insanlar arasında xof yaradırdı, bu işləri heç kimin bilməməsi üçün hədə-qorxular gəlirdilər: “Buna görə də mən heç kimə bir söz demirdim. Zahid Əliyev burada həqiqəti danışır”.

Daha sonra şahid qismində ifadə verən Nəsrəddin Sultanov bildirib ki, Vüsal Ələkbərov ondan da həbs edilməməsi üçün 50 min manat tələb edib. Onun sözlərinə görə, Vüsal Ələkbərova pul verməyib: “Vüsal Ələkbərov soruşdu ki, banka qızımın və yoldaşımın adına qoyduğum pulları haradan almışam? Mən MTN rəhbərliyinə ərizə ilə müraciət etdim. Bundan sonra məndən əl çəkdi”.

Nəsrəddin Sultanov daha sonra ifadəsində qeyd edib ki, Elşən Mədətov onun dayısı oğludur: “Elşənin həbs edilməməsi üçün Mövlam Şıxəliyev və Vüsal Ələkbərov 300 min dollar tələb edirdilər. Mən də özümdə olan 30 min manatı Elşənə verdim ki, pulun üstünə qoysun, onlara versin. Biz o vaxtı MTN-ni milləti talayan nazirlik kimi adlandırıdıq”.

Proses fevralın 16-da davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər