Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirli bilinən Qusar rayon sakini, 1972-ci il təvəllüdlü Fariz Bayrambəyovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, Qusar rayonunun Hil kəndi ərazisində, kənd sakini Adil Bədəlov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Polisin apardığı araşdırma nəticəsində hadisənin münaqişə zəminində baş verdiyi məlum olub. Cinayəti törətməkdə şübhəli bilinən Adil Bədəlovun həmkəndlisi Fariz Bayrambəyov tutulub.
Müəyyən edilib ki, cinayəti törətməmişdən əvvəl həmkəndlilər yeyib-içiblər. Sonra onların arasında söyüş üstündə mübahisə baş verib. Mübahisə qanlı cinayətlə nəticələnib.
Fariz Bayrambəyov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilir.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Fariz Bayrambəyov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, küçədə həmkəndlisi Adil Bədəlovla rastlaşıb: “Adil yeyib-içməyi təklif etdi. Mən də onun təklifi ilə razlaşdım. Birlikdə mağazaya getdik. Adil mağazadan bir araq aldı. Birlikdə bizə gəldik. Süfrə açdıq, yeyib-içdik. İçki içəndən sonra Adil atamı söyərək, təhqir etdi. Onun belə hərəkətinə dözmədim. Stolun üstündə olan bıçağı götürərək bir neçə zərbə vurdum”.
Fariz Bayrambəyov bildirib ki, hadisə zamanı hər ikisi sərxoş olublar. Onun sözlərinə görə, Adil söyüş söyməsəydi, onu vurmazdı.
Fariz Bayrambəyov törətdiyi əməldən peşman olduğunu deyib.
Daha sonra hakim bildirib ki, zərərçəkmişlə əlaqə saxlayıblar: “Zərərçəkmiş xəstəxanadadır, vəziyyəti yaxşı deyil. Zərərçəkmiş və onun qohumları narazılıq edirlər. Deyirlər Fariz Bayrambəyovun yaxınları onu yoxlamırlar, müalicəsinə köməklik göstərmirlər. Təklif edirəm ki, Fariz Bayrambəyovun yaxınları zərərçəkmişinə müalicə olmasına ciddi köməklik göstərsinlər. O, vəfat etsə, təqsirləndirilən şəxsin ittihamı ağırlaşdırılacaq. Belə olan halda da təqsirləndirilən şəxsi 20 ilə qədər həbs cəzası gözləyə bilər”.
Daha sonra hakim prosesin davamını fevralın 17-nə təyin edib.
Hacı Zeynalov