Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan iş adamı Namil Rzayevin epizodu üzrə şahidlər dindirilib.
Məlumat üçün bildirək ki, 2008-ci ildə “Texnikabank”ın Bakı filialında iş adamı Namil Rzayevin pulu batıb. Bundan sonra həmin bankın vəzifəli şəxsləri barəsində o vaxt Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində cinayət işi başlanıb. İstintaqa nəzarəti həyata keçirən MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyev və həmin idarənin 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərov Namil Rzayevi MTN-ə çağırıblar.
Onlar iş adamına hədə-qorxu gələrək, külli miqdarda pul verməyəcəyi halda həbs edilməsi ilə hədələyiblər. Mövlam Şıxəliyev Vüsal Ələkbərovun vasitəsi ilə Namil Rzayevdən 500 min dollar alıb.
Məhkəmədə şahid qismində ifadə verən Bədrəddin Sultanov bildirib ki, iş adamı Namil Rzayevin sürücüsü olub. 2008-ci ilin noyabr ayının əvvəllərində, axşam saatlarında “Nizami” kinoteatrının yaxınlığında Namil Rzayevin ofisində olub: “Həmin vaxt Namil Rzayev əlində bir ədəd rəngli sellofan torbada pul götürdü və dedi ki, əlimdə pul var, arxamca gəl. Ofisdən çıxan Namil müəllim 28 May küçəsi, 6 ünvanında yerləşən bir binanın blokuna girdi.
Orada orta yaşlı bir kişi ilə görüşdü və pulu ona verdi. Namil müəllim həmin şəxsin MTN işçisi Mövlam olduğunu, ona 200 min dollar verdiyini dedi. Mən Mövlamı əvvəllər də görmüşəm. O, Namil müəllimin ofisinə tez-tez gəlirdi”.
Bədrəddin Sultanovun sözlərinə görə, noyabr ayının ortalarında MTN-dən Namil Rzayevə yenə də zəng gəlib: “Namil müəllim bu zəngdən sonra narahatlıq keçirməyə başlayıb, qanı qara gəzirdi. Sonradan bildim ki, zəng edən MTN əməkdaşı Vüsal olub.
Vüsal ondan yenə də 300 min dollar istəyib. Namil müəllim həbs olunacağından qorxurdu, buna görə də “Azneft”də olan evini sataraq 300 min dolları topladı. Sonra Namil müəllim MTN-dən zəng edən Vüsal adlı şəxsin tapşırığı ilə Xəqani küçəsində “Tahir market”i keçəndən sonra dəftərxana ləvazimatları mağazadan 250 manata qara rəngli çanta aldı. Həmin çantaya 300 min dolları qoyandan sonra üstünə göy-göyərti yığdı. Birlikdə MTN-in inzibati binasının yanına həldik. Orada pulu Vüsal adlı MTN əməkdaşına verdik”.
Prosesdə təqsirləndirilən şəxslərin vəkillərinin şahidə göy-göyərtinin hansı bazardan aldıqları, niyə pulun üstünə yığmaları barədə suallar vermələri zərərçəkmiş Namil Rzayevin etirazına səbəb olub: “Vüsal mənə dedi ki, həmin mağazadan qara çanta al, içinə göy-göyərti qoy, bizə gətir. Mən də fikirləşdim ki, pulların üstünə göy-göyərti qoyulması pulun görünməməsi ilə bağlıdır. Buna görə də bazardan 5-6 dəstə göy-göyərti aldım.
Evə gələndən sonra qara çantaya 300 min dolları yığdım, üstünə də göyərtini düzdüm. Dedim ki, pulu xərcləyərlər, göyərti ilə də günorta doğramac edib, yeyərlər. Sonra sürücümlə birlikdə MTN-in inzibati binasının yanına gəldim. Orada içində pul olan çantanı Vüsal Ələkbərova verdim. Sonradan başa düşdüm ki, MTN-də dollara göy-göyərti deyirlər. İndi burada təqsirləndirilən şəxsin vəkilləri odu söndürüb, külü ilə oynayırlar”.
Daha sonra prosesdə şahid qismində Hüseyn Mustafayev ifadə verib. O, ifadəsində 2008-ci ilin noyabr ayında MTN əməkdaşlarının Namil Rzayevdən həbs edilməməsi üçün külli miqdarda pul tələb edilməsindən, Namil Rzayevin MTN əməkdaşlarına 500 min dollar verməsindən danışıb.
Hacı Zeynalov