10 Fevral 2017 17:46
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ali Məhkəmədə Ramiz Rzayevin sədrliyi ilə növbəti Plenum keçirilib.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirib ki, 2016-cı ildə Prezident İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası və Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi, müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülüb.

Ramiz Rzayevin sözlərinə görə, ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün ən müasir standartlara uyğun şərait yaradılıb: “Prezidentin “Elektron məhkəmə informasiya sistemi”nin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli sərəncamının icrası və elektron məhkəməyə keçidin təmin olunması məqsədilə Ali Məhkəmədə yeni elektron sənəd dövriyyəsinin, kasasiya müraciətlərinin və işlərin elektron qaydada bölüşdürülməsi sistemi yenilənib. “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi məhkəmə ilə tərəflərin əlaqələrinin asanlaşdırılmasını, sənədlərin işlənməsinin sürətləndirilməsini və işlərin prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətlərdə baxılmasını təmin edir.

Ali Məhkəməyə daxil olan kasasiya şikayətlərinin, ərizə, şikayət və digər sənədlərin elektron qeydiyyatı aparılır, məhkəmə prosesləri audio, video və digər yazan texniki vasitələrdən istifadə edilməklə qeydə alınır. Məhkəmə protokolları və qərarlar Ali Məhkəmənin Elektron Arxivinə inteqrasiya edilir. Həmçinin, “Elektron hökumət” portalı vasitəsi ilə məhkəmə fəaliyyəti ilə bağlı bütün dövlət rüsumları elektron qaydada ödənilir”.

Ramiz Rzayev qeyd edib ki, Prezident İlham Əliyevin 30 sentyabr 2016-cı ildə imzaladığı “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən 2017-ci il yanvarın 1-dən Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası öz fəaliyyətini elektron qaydalar əsasında həyata keçirir.


Ali Məhkəmənin sədri vurğulayıb ki, mütəmadi olaraq “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa Məhkəməsinin presedent hüququ müzakirə edilir, hakimlərin və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar keçirilir.

Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2016-cı ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib. Həmin məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılıb.

Məruzə edən kollegiya sədrləri 2016-cı ildə kollegiyaların fəaliyyətində nəzərə çarpacaq irəliləyiş olduğunu qeyd ediblər.

Mülki kollegiyada 2015-ci ildə 5657 işə baxılmışdısa, 2016-cı ildə 6246 işə baxılıb. Bu da baxılan işlərin sayının ötən ilə nisbətən 10,4 faiz artmasını göstərir. Baxilmış işlərin sayının artmasına baxmayaraq ləğv edilmiş işlərin sayı 1,5 faiz azalıb. Bu da ədalət mühakiməsinin düzgün həyata keçirilməsini göstərir.

2016-cı ildə bəzi kateqoriyalardan olan işlərin (ailə münasibətləri, əmək, mənzil, bank-kredit mübahisələri) sayı artıb. Bu əsasən ailə münasibətləri üzrə mübahisələrə dair işlərdə 71,9 faiz, əmək mübahisələrində 2 dəfə, mənzil mübahisələrində 39,8 faiz, bank-kredit mübahisələrində 93,6 faiz təşkil edir.

2016-cı il ərzində İnzibati-iqtisadi kollegiyanın icraatında ümumilikdə baxılmış 2247 işdə müxtəlif inzibati orqanlar və onların struktur qurumları tərəf qismində iştirak edib. Baxılmış işlərdə inzibati orqanların fəaliyyəti zamanı qəbul etdiyi qərarlar və hərəkətlərdən olan şikayətlər üzrə yaranmış mübahisələr olub: “Burada qeyd edilməlidir ki, inzibati məhkəmələrin fəaliyyətə başladığı dövrdən bəri (2011-ci ilin yanvarın 1-dən) vətəndaşların inzibati orqanlara olan iddiaların 82-84 % təmin edilib.

Hərbi kollegiyanın icraatına 2016-cı ildə daxil olmuş 181 nəfər haqqında 154 işdən 146 nəfər haqqında 122 işə baxılıb. 2015-ci ildə 151 nəfər haqqında 135 işə baxılmış, bununla da 2015-ci illə müqayisədə işlərin və məhkum olunmuş şəxslərin sayında müvafiq olaraq 3,3% və 9,6% azalma olub.

2016-cı ildə Hərbi kollegiyada kasasiya qaydasında baxılmış işlərin təhlili göstərir ki, hərbi məhkəmələr tərəfindən baxılmış işlər üzrə şəxslər, əsasən həyat və sağlamlıq əleyhinə (41 nəfər), hərbi xidmət əleyhinə (27 nəfər), mülkiyyət əleyhinə (22 nəfər) olan cinayətləri törətdiklərinə görə məhkum olunublar.

Əvvəlki illərdən fərqli olaraq 2016-cı ildə həyat və sağlamlıq əleyhinə olan cinayətlərə dair işlər kasasiya qaydasında baxılmış işlər sırasında çoxluq təşkil edib.

Bununla belə, 2015-ci illə müqayisədə 2016-cı il ərzində mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, hərbi xidmət əleyhinə olan cinayətlərin törədilməsinə görə məhkum olunmuş şəxslərin sayında azalma müşahidə olunsa da, hərbi qulluqçuların başqa cinayətlərə - həyat və sağlamlıq əleyhinə, ictimai təhlükəsizlik əleyhinə olan cinayətlərə görə məhkum olunmalarına dair kasasiya qaydasında baxılan işlərin sayında artma müşahidə olunur.

Müsbət hal kimi qeyd edilməlidir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə, idarəetmə qaydası əleyhinə olan cinayətlərə dair işlərə Hərbi kollegiyada 2016-cı il ərzində kasasiya qaydasında baxılmayıb.

Ali Məhkəmənin Plenumunun 2016-cı ildə 6 iclası keçirilib, 29 qərar qəbul edilib. Konkret işlərə baxılmasına dair qərarlarla yanaşı, Plenum tərəfindən “Nikahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında”, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi barədə” qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verilməsi haqqında” qərarlar qəbul edilib.

2016-cı ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, habelə digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsi qeyd edilib.

Plenumda Ali Məhkəmənin 2017-ci ilin birinci yarısına dair iş planı təsdiq edilib. Həmçinin Plenumda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilib.

Hacı Zeynalov


Müəllif: