“Televiziya qurbanlar tələb edir. Çox xoşbəxtəm ki, özümü bu sənətdə tapmışam. Bu, dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq”.
Bu sözləri Teleqraf.com-a müsahibəsində Azərbaycanın ilk peşəkar diktoru, əməkdar artist, prezident təqaüdçüsü Natəvan Hacıyeva deyib. O, Azərbaycan Televiziyasında çalışdığı günlərə qayıdıb, bu gün teleməkanda baş verənlərə aydınlıq gətirib:
“Çətinliklərim, əziyyətlərim çox olub”
“Televiziyaya təsadüfən gəlmişəm, amma indi başa düşürəm ki, mən elə diktor olmalı idim. Qismət belə imiş. Bu illərdə çətinliklərim, əziyyətlərim çox olub. Bilirsiniz ki, 90-cı ildən diktorlar aparıcılarla əvəzlənməyə başladı. Amma yenə şükür edirəm ki, çox şərəfli televiziya həyatım olub.
2003-cü ildən prezident təqaüdçüsüyəm. Həmişə təqaüdü alanda ulu öndər Heydər Əliyevə “Ruhu şad olsun” deyirəm. Cənab Prezident İlham Əliyevdən də çox razıyam. Ondan başqa heç kimi prezident kimi görmürəm. Onun alternativi yoxdur. Xalq onu, o da xalqını sevir. Ona çox minnətdaram”.
“Çox həyati serialdır”
“Telekanallarımızı izləyirəm. Bu gün hansı kanalda hansı verilişə baxacağımı dəqiq bilirəm. Xəbərlərə hər zaman saat 20 00-da öz ana məkanımda – AzTV-də baxıram. Çünki düzgün xəbərlər AzTV-də çatdırılır. Daha sonra o biri kanallardakı xəbərləri izləyirəm. “Vicdan haqqı” serialını çox bəyənirəm. Çox həyati serialdır. Şou proqramlara çox baxmıram. Amma “Beşinci element” verilişinin adını çəkmək istəyirəm. Verilişin formatı çox xoşuma gəlir. Bütün verilişlərdə bir, yaxud iki aparıcı olur, amma bu verilişdə dörd aparıcı bir qonağa suallarını ünvanlayırlar. Ranar Musayev o verilişi çox gözəl aparır. Zaur Baxşəliyevin aparıcısı olduğu verilişləri də təqdir edirəm. “Tanıdım səni” istedadları seçib tamaşaçılara təqdim edir. Mədəniyyət kanalında da gözəl proqramlar var”.
“Televiziya ilə bağlı nə qədər istəsəniz danışa bilərəm. Çox xatirələrim var. Onların hamısını 60 illiyimlə əlaqədar çap olunan “Televiziya – dünənim, bu günüm, sabahım” adlı kitabda qeyd etmişəm. Kitab iki hissədən ibarətdir. Birinci hissəsində televiziyanın yaranma tarixi, ikinci hissəsində mənimlə bağlı xatirələr yer alır. Onu da deyim ki, televiziyanın yaranma tarixini aparıcıların çoxu bilmir. Halbuki bu, çox vacib və lazımlı məlumatdır.
O vaxtlar televiziya işçiləri ilə Moskvaya tez-tez gedirdik. Orda Azərbaycan haqqında verilişdə çıxış edirdik. İki saat davam edən verilişdə Azərbaycan barədə geniş məlumat verilirdi. Gündüz saatlarında verilişə baxış keçirən Moskvanın sədr müavini bizimlə söhbətində dedi ki, hər şey yaxşı idi, bircə diktorun saçının sarı olmasından başqa... Axı Azərbaycan qızlarının saçı qara olur. O dəqiqə bizim televiziyanın sədr müavini mənə tərəf döndü və dedi get saçını qaralt. Saat üçün yarısı idi, yeddidə veriliş başlayacaqdı. Mənə bir maşın verdilər, bilmədim nə edim. Efir üçün saçımı düzəldən Lena xanımın yanına gəldim, dedim başıma iş gəlib, gör neyləyirsən... O məni sakitləşdirdi və dedi sənin saçını elə şampunla yuyacağıq ki, qaralacaq. Sabah saçını yuyanda keçmiş rənginə qayıdacaq. Razılaşdım. Saçımı qaraldıb, qayıtdım televiziyaya. Verilişin yayımı bitəndən sonra Moskvanın sədr müavini düşüb bizi yola salanda dedi mən o sözü zarafatla demişdim. Amma açığını deyim ki, sizə qara heç yaraşmır. Sizin rənginiz sarıdır.
Mən bu gün münasibəti ilə bütün televiziyalarda işləyənləri ürəkdən təbrik edir, onlara can sağlığı arzu edirəm. Bir də bu bayram xalqımızın da bayramıdır. Ona görə ki, bu verilişləri biz xalq üçün hazırlamışıq”.
Nərmin Muradova