15 Fevral 2017 11:47
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliiyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid qismində Mikayıl Babayev ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxslərin əksəriyyətini tanıyır.
Onun sözlərinə görə, Sabunçu telefon qovşağının baş mühındisi işləyib: "Avropa oyunları zamanı optik rabitə çəkilişi aparılıb. Bu işlərə bizim qovşaq nəzarət edib. 18 kilometrə yaxın kabel çəkilib. Faktiki bütün işlər görülüb".

Teleqram göndərən şahid Əlimövsüm Ağayev isə xəstə olduğu üçün məhkəməyə gələ bilməycəyini, ifadəsini təsdiqlədiyini deyib.

Digər şahidlər Xələf Məmmədov, Tofiq Bağırov, Vaqif Hüseynov, Yusif Bağırov, Mahmud İbarihimov, Məqsəd Qaylbov və digər şahidlərin də məhkəməyə teleqrama vurduqları məlum olub.

Vidadi Zeynalov şahidlərin adlarının çəkilməsinə etiraz edib: "Deyirsiz ki, ifadə veriblər, həmin ifadələr elan olunacaq. Bəs bu şahidlərin ifadəsini niyə elan etmirsiz?"

Hakim deyib ki, adıçəkilən şahidlərin ifadəsi elan olunacaq: "Əgər hansısa şahidin igadə verməsi tələb olunsa, biz onu məhkəməyə çağıracağıq. Bu, qanunun tələbidir".

Vidadi Zeynalov Maliyyə Nazirliyi audit komissiyasının üzvlərinin ifadə verməsi barədə vəsatət verib.

Prokuror Fərid Nağıyev bildirib ki, əsas şahidlərin dindirilməsi başa çatdıqdan sonra əlavə şahidlərin çağırılması məsələsi müzakirə edilə bilər. Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov Maliyyə Nazirliyinin nümayəndələrinin məhkəməyə çağırılmasını istəyib.

Hakimlər vəsatəti baxılmamış saxlayıblar. Bildirilib ki, əsas şahidlərin dindirilməsi başa çatdıqdan sonra əlavə şahidlərin çağırılması məsələsinə baxılcaq.

Ceyhun Yusifov deyib ki, 205 şahiddən 170-i ifadə verib. Vəkil ittiham aktında olan şahidlərin dindirilməsinin məhdudlaşdırılmasını, əsas şahidlər hesab olunan Maliyyə Nazirliyinin nümayəndələrinin dindiriilmısini istəyib: "Əsas şahidlər ittihamın şahidləridir. Bizim əleyhimizə olsa belə, digərlərinin ifadəsi elan olunmuş sayılsın. İttihamın əsas mahiyyəti Maliyyə Nazirliyinin rəydir, orada rəqəmlər şişirdilib, məhz həmin rəqəmlərə görə bu şəxslərə ittiham verilib. Rəqəmlərin şişirdildiyini prokuror bildiyi üçün həmin şahidlərin məhkəməyə gəlməsini istəmir".

Bu zaman hakim deyib ki, növbəti iclasda Vidadi Zeynalov ifadə verməsi təklif olunacaq, əks halda onun ifadəsi elan olunacaq.

Vidadi Zeynalov buna da etirazını bildirib: "Bu qədər insanın taleyin necə kənara ata bilərsiz? Mənim Maliyyə Nazirliyinin işçilərinə sallarım var. Ekspertiza yenidən aparılmalıdır. İttihamda yazılan rəqəmlər necə şişirdildiyi aydınlaşdırılmalıdır".

Hakim məhkəmənin Vidadi Zeynalova vaxt verdiyini və növbəti dəfə ifadə verməyəcəyi halda istintaqa ifadəsinin elan ediləcəyini və qəbul olunacağını vurğulayıb.

Proses fevralın 17-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər