Rus qadınına təcavüz etməkdə və soyğunçuluqda təqsirli bilinən Goranboy rayon sakini, 1986-cı il təvəllüdlü Şahmar Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Şahmar Zeynalov 27 mart 2006-cı il tarixdə, saat 23 radələrində Rusiya Federasiyası, Yamalo-Nenets Muxtar Dairəsinin Labıtnangi şəhərində sərxoş vəziyyətdə olarkən tanışı, 1988-ci il təvəllüdlü Viktor Spiridonovun “Motorola C380” markalı mobil telefonunu zəng etmək bəhanəsi ilə istəyib. Bu zaman Viktor ona mobil telefonunu verməyib.
Viktora qarşı soyğunçuluq
Bundan sonra Şahmar Zeynalov Viktoru qorxudaraq üst-başını axtarıb, cibindən 50 rubl pulu, sonra isə “Motorola C380” markalı mobil telefonunu götürüb.
Bundan başqa, Şahmar Zeynalov həmin ilin mayın 21-də 1981-ci il təvəllüdlü Vlasov Sergey İqoreviç və onunla qeyri-rəsmi nikah münasibətində olan 1975-ci il təvəllüdlü Yelena Yuryevna Qaynbixnerlə birlikdə Rusiya Federasiyası, YamaloNenets Muxtar Dairəsinin Labıtnangi şəhəri, Qaqarin küçəsində, “Yava” mağazasının yanında yerləşən “Kaxeti” kafesində yeyib-içiblər.
Saat 23 radələrində onlar birlikdə Yelena Qaynbixnerin Labıtnangi şəhəri, Şkolnaya küçəsi, ev 13, mənzil 9 ünvanında yerləşən mənzilinə gəliblər. Bir neçə dəqiqədən sonra Şahmar Zeynalov Sergey Vlasovla birlikdə pivə içmək məqsədilə yenidən evdən küçəyə çıxıb.
O, Sergey Vlasovla birlikdə bir qədər gəzib. Sonra Şahmar Zeynalov Sergiydən ayrılaraq Yelenanın olduğu evə gəlib. Şahmar Zeynalov Sergey Vlasovun evdə olmamasından istifadə edib və Yelena Yuryevna Qaynbixnerin mənzilinin qapısını döyüb. Yelena qapını açsa da, ona evə daxil olmasına etiraz edib. Buna baxmayaraq Şahmar Zeynalov Yelena Qaynbixneri kənara itələməklə və zorla mənzilə daxil olub.
Bundan sonra Şahmar Zeynalov sərxoş vəziyyətdə Yelena Yuryevna Qaynbixneri qonaq otağında olan divanın üzərinə yıxıb, qollarından tutub, əynindəki paltarları zorla soyundurub. O, Yelenanın yalvarışlarına məhəl qoymayıb. Vəziyyətin belə yarandığını görən Yelena ona müqavimət göstərib.
Zorlama
Şahmar Zeynalov onun müqavimətini sındırmaq qərarına gəlib. O, Yelenanın üzünə bir neçə sillə vurduqdan sonra onunla cinsi əlaqədə olub. Bu cinayəti törədəndən sonra Şahmar Zeynalov Rusiyanı tərk edib və Azərbaycana gəlib. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Şahmar Zeynalovun barəsində axtarış elan edilib. Keçirilən əməliyyat nəticəsində Şahmar Zeynalov yaşadığı Goranboy rayonunun Dəliməmmədli şəhərində həbs edilib.
Şahmar Zeynalov Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma), 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) və 180.1-ci (soyğunçuluq) maddələri ilə ittiham edilib.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Şahmar Zeynalov 4 il 9 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov