Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul kəsməkdə təqsirləndirilən Emin Abışov, Əli Rüstəmov və Vüqar Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Emin Abışov 9 il, Əli Rüstəmov və Vüqar Abbasovun hər biri isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, ötən ilin fevralında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini Emin Abuşov 796 ədəd 100 dollarlıq saxta əsginası 49 min manata satmaq istəyərkən saxlanılıb.
Aparılmış tədbirlərlə ona saxta əsginasların Bakı şəhər sakini Vüqar Abbasov və Gürcüstan vətəndaşı Əli Rüstəmov tərəfindən verildiyi müəyyən edilib və hər iki şəxs polis əməkdaşları tərəfindən tutulub. Baxış zamanı Əli Rüstəmovdan 2, Vüqar Abbasovdan isə 10 ədəd 100 dollarlıq saxta əsginas götürülüb.
Hacı Zeynalov